11.11.2024, 16:46
AZ EN
15.12.2023, 11:32 315

Vətən Sizə əmanətdir

XƏBƏRLƏR
  • Bütün şəhid anaları kimi Aydının da anası övladının həsrətinə yalnız onun Vətən uğrunda qurban getməsi ilə təsəlli taparaq dözdüyünü deyir. “Deyirdi ki, ana, Vətəni biz qorumalıyıq, başımıza gətirilən müsibətlər mənə də çox təsir edib. Aydın ebuna görə də müharibədən əvvəl orduya könüllü olaraq yazılmışdı.

Şəhidimizin atası da oğlu haqqında ürək yanğısı ilə danışır: “Aydın çox istiqanlıydı, mən onsuz da onunla fəxr edirdim, indi də... Deyirdi ki, evdə bayraq olmalıdır”.

İkinci Vətən Müharibəsinin qəhrəmanlarından olan şəhid Aydın Həsənov 1995-ci il dekabrın 15-də Gəncə şəhərində anadan olub. 2002-2011-ci illərdə Gəncə şəhərində 44 nömrəli İngilis dili təmayüllü liseydə təhsil alıb. 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində oxuyub. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Aydın Elşən oğlu Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Aydın Həsənov noyabrın 10-da Xankəndi istiqamətində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Gəncə şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aydın Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

“Şuşanın Sığnaq kəndindən Sizi salamlayırıq. Gedirik Şuşanın mərkəzinə. Birdən şəhid olsaq bilin ki, bu torpaq Sizə - bu videoya baxanlara əmanətdi”. Bu unudulmaz sözlər Aydın Həsənova məxsusdu.   

Aydın kimi oğullar heç vaxt ölmür, onlar əbədi olaraq xalqın qan yaddaşında yaşayırlar.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər