22.11.2024, 20:57
AZ EN
11.12.2023, 14:49 301

Azərbaycanlı şəhidin erməni anası

XƏBƏRLƏR

Mariya Karapetyan: “Qarabağın azadlığı biz şəhid analarının ən böyük təsəllisidir”

  • Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. O, şəhid Samir Əliyevin anasıdır. Samir Əliyev Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir. Taleyə baxın ki, şəhid Samir Əliyevin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının hansı hislər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur.

Mariya Karapetyan İctimai Televiziyanın onunla bağlı hazırladığı sujetdə şəhid övladı haqqında danışarkən bildirib ki,  Əliyev Samir Yaxtım oğlu 1975-ci ildə anadan olub. 1994-cü ildə yanvarın 12-də Ağdam  uğrunda gedən döyüşlərdə şəhid oldu. O, Cəmşid Naxçıvanski adına  hərbi Litseydə təhsil aldıqdaan sonra əsgəri xidmətə yolanmışdı.

Samir Əliyev 19 yaşında Ağdamın Sırxavənd kəndində gedən döyüşlərdə şəhid olub. Mariya Karapetyan deyir ki, onun yarası digər şəhid analarının yarasından daha dərindi. Çünki övladı mənsub olduğu xalqın nümayəndələrinin, yəni ermənilərin açdığı atəş nəticəsində şəhid olub.

O, bildirir ki, övlad itkisi mənim üçün ağır olsa da, Vətən uğrunda şəhid olduğuna görə oğlumla qürur duyuram. İndi bir qazidən, bir şəhiddən danışılanda, oğlum gözlərimin qabağına gəlir.

Qeyd edək ki, Mariya Karapetyan 1949-cu ildə Rusiyanın Altay vilayətində doğulub. Milliyətcə ermənidir. 7 yaşı olanda ailəsi ilə Bakıya köçüb. Azərbaycanlı ilə ailə qurub. Şəhid Samir Əliyevdən başqa  1 oğlu və 2 qızı var. Deyir ki, istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi dövründə Azərbaycanda ona münasibət yaxşı olub: “Müharibə başlayandan mənə dəyib-dolaşan, artıq söz deyən olmayıb. Hamı mənimlə mülayim danışırdı. Mən özüm də onlarla ünsiyyətdə çox yaxşı oluram. Bacardığım qədər köməklik lazım olanda edirəm. Yəni mən özümü özgə saymıram. Azərbaycanı öz vətənim sayıram, başqa şey saymıram”.

 Onun dediyinə görə Zəfər xəbərini eşidəndə bütün şəhid anaları kimi o da çox sevinib. Sevinib ki, oğlunun uğrunda şəhid olduğu torpaqlar  artıq azaddır: “44 günlük Vətən müharibəsində hamıyla qürur duydum ki, bu uşaqlar 44 günün ərzində Vətəni xilas etdilər. Mən özüm şadam, bilirəm ki, oğlumun da ruhu şaddır. Ona da ayan olub ki, torpaqlar qayıdıb. Bizim uşaqlar döyüşüb, vuruşub, axır ki, öz torpaqlarımızı geri alıb. Bu da onun ruhunu mütləq şad edib”.

İki xalqın arasına nifrət toxumu səpənlər, torpaq iddiasına düşüb boş xülyalarla yola çıxanlar bu mnəzərəyə yaxşı baxsın. Məzarda uyuyan şəhid Samir Əliyev azərbaycanlıdır. Məzarı başında ağlayan anası Mariya Karapetyan isə  erməni.  Müharibənin əsl üzü budur! Qarabağ uğrunda şəhid olanlar arasında ləzgi də, talış da, yəhudi də, hətta anası erməni olan da var. Azərbaycanın üç rəngli bayrağının altında yaşayanlar bu torpaq üçün canından keçməyə də hazırdırlar. Bizi qələbəyə aparan əsas amil də bu birlik, həmrəylik, Vətən sevgisi oldu.

Oğlu Qarabağ uğrunda şəhid olan bu erməni qadının soydaşlarına da sözü var: “Qarabağ elə həmişə Azərbaycanın olub, olacaq da. Onlara da dil verən, güc verən erməni lobbilərdir. Fransada, Amerikada olan  daşnaklar onları qızışdırırlar, ermənilər də onlara uyub, onların dediklərini edirlər. Amma dərindən fikirləşsələr, görərlər ki,  səhv edirlər, elə şey etmək lazım deyil. Vaxtilə yaşamısınız da orda. əgər yenidən gəlirsənsə, terror törətməyəcəksənsə, sənə dəyib-dolaşan olyacaq ki. əgər başqa fikirlə gəlirsənsə gəlməsən daha yaxşıdır”.

Mariya Karapetyan digər şəhid anaları ilə eyni dərdi bölüşür. Deyir ki, övladlarımız müqəddəs amal uğrunda, doğma yurd uğrunda canlarından keçiblər. Bu gün bütün Qarabağın azadlığı şəhid analarının ən böyük təsəllisidir: “Övladı şəhid olan ana kimi deyirəm, biz şəhid anaları səbr etməliyik, çünki övladlarımız Vətən torpağı uğrunda şəhid olublar”.

Qeyd edək ki, Samir Əliyev Əmircandakı Şəhidlər Xiyabanında dəfn olunub. Onunla eyni sırada Qarabağ uğrunda canından keçən  onlarla şəhid məzarı var. Bu məzarların hər biri xalqımız üçün müqəddəsdir. Samir Əliyev də Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Xatirəsi doğulduğu küçədə də əbədləşdirilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər