09.06.2025, 13:28
AZ EN
06.12.2023, 11:52 382

Qələbəmizlə bağlı kitabların Bağdadda təqdimatı

XƏBƏRLƏR
  • Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi və “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə Bağdadda ərəb dilində “Vətən müharibəsi tarixi, şəxsiyyət faktoru” və həmçinin “Qarabağ – hərbi və siyasi qələbə” adlı kitabların təqdimatı keçirilib.

Tədbiri açan Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov ötən ilin aprel ayında Bağdad şəhərində “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor Moataz M.Əbdülhəmidin müəllifi olduğu “Qarabağ münaqişəsinin tarixi” adlı kitabın təqdimatının keçirildiyini və bu kitabın davamı olan, yeni nəşr edilmiş “Qarabağ – hərbi və siyasi qələbə” adlı kitabın İkinci Qarabağ müharibəsi və sonrakı dövrü əhatə etdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən Nəsir Məmmədov, münaqişənin tarixi, Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılan işlərdən danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qələbə əldə edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilmiş Qələbənin vacibliyi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri, eləcə də, İraqda Azərbaycanın şanlı Qələbəsinin böyük sevinclə qarşılandığı barədə çıxışlar edilib.

Təqdimat mərasimində İraqın Baş nazirinin enerji məsələləri üzrə müşaviri Fəlah əl-Amiri, İraq Mədəniyyət Forumunun prezidenti Sadiq əl-Camal, Bağdad və Əl-Müstənsiriyyə Universitetlərinin professorları, yerli araşdırma mərkəzlərinin rəhbərləri və tədqiqatçılar, siyasətçilər, ziyalılar və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 6 dildə çap edilən “Vətən müharibəsi tarixi, şəxsiyyət faktoru” kitabının Azərbaycan və türk dillərində təqdimatı bu ilin iyununda Kərkük şəhərində keçirilib və hazırda kitabın Çin dilində nəşri hazırlanır. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər