09.06.2025, 22:16
AZ EN
19.11.2023, 20:40 324

Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan Bayrağının dalğalanması bütövlüyümüzün rəmzidir

XƏBƏRLƏR

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına hüquqi əsaslar yaratdı. Ermənistanın kapitulyasiyasından sonra Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan öz sahibinə qaytarıldı. Qırx dörd gün ərzində işğalçılara həm siyasi, həm də döyüş meydanında sarsıdıcı zərbələr vuran qəhrəman Azərbaycan xalqının iradəsinə təslim olan erməni işğalçıları Ağdam, Kəlbəcər və Laçını siyasi danışıqlar yolu ilə qaytarmağa məcbur edildi. Beləliklə, döyüş meydanında olduğu kimi, diplomatik masada da Ermənistan diz çökdürüldü, rəzil itaətə məcbur olundu. Azərbaycan Ordusunun Zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı və diplomatik məharəti sayəsində ağdamlıların doğma yurd həsrətinə son qoyuldu. İndi Ağdam, Kəlbəcər və Laçın daha parlaq inkişaf mərhələsinə qədəm qoyub. Tezliklə bütün dünya yenilənmiş, işğal yaralarından tam sağalmış şəhər və rayonlarımızı görəcək.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, Azərbaycanın ən böyük və ən gözəl rayonlarından biri olan Ağdam özünəməxsus xüsusiyyətləri ilə tanınırdı. Qarabağın mərkəzində, Qafqaz silsiləsinin şimal-şərq yamaclarında Kür-Araz ovalığının qərbində yerləşən Ağdamın bölgədə daim mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Buna görə də Ağdam münaqişənin ilk günündən Azərbaycanın ən çox zərər çəkən rayonlarından biri olmuşdu. Qarabağın işğalı ilə kifayətlənməyən Ermənistan bölgə ilə həmsərhəd rayonlarda işğalçılıq siyasətini davam etdirdi. Şuşanın, Laçının, Kəlbəcərin işğalından sonra ermənilər bəzi xarici dövlətlərin bilavasitə iştirakı ilə Ağdamı işğalçı siyasətlərinin növbəti hədəfi seçdilər. Rayonun 77,4 faizinin işğalı nəticəsində Ağdam şəhəri və 89 kənd görünməmiş qəddarlıqla dağıdıldı, yer üzündən silindi.

BMT Təhlükəsizlik Şurası Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul etsə də, erməni işğalçıları dünya ictimaiyyətinin bu çağırışına əhəmiyyət verməyərək, Azərbaycan torpaqlarında vəhşilik törətməkdə davam etdilər. Qeyd etmək yerinə düşər ki, “Lonely Planet” jurnalı 2008-ci ildə erməni vandalizmi faktlarını qeyd edərək, Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı. 2010-cu ildə isə “Əl-Cəzirə”nin onlayn versiyasına görə, Ağdam “kabus şəhərlər” siyahısına daxil edilmişdi.

Eyni sözləri Azərbaycanın ən böyük rayonu olan Kəlbəcər barədə də demək olar. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbini özündə əks etdirən 822 saylı qətnamə qəbul etsə də, bu sənəd də kağız üzərində qalmışdı. Kəlbəcəri işğal edən Ermənistan burada qanunsuz məskunlaşma aparmış, ərazinin zəngin təbii sərvətlərini talamışdı. Ermənilər sənaye ehtiyatı 113 ton olan Söyüdlü (Zod) qızıl mədənini, eləcə də ehtiyatı təxminən 13 tona yaxın olan Ağduzdağ və Tutxun qızıl yataqlarını mənimsəmiş və istismar etmişdilər. Otuz il ərzində Kəlbəcərin zəngin qızıl və civə mədənlərindən əldə olunan qeyri-qanuni gəlirlər Ermənistana ötürülmüşdü.

Digər rayonlarımız kimi, Kəlbəcər də uzun müddət erməni barbarlığının qurbanına çevrilmişdi. Amma Prezident İlham Əliyevin dediyi kimi, ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə bilmədilər.

R.Mahmudov xatırladıb ki, işğal dövründə ermənilər çoxsaylı talançılıq və barbarlıqla yanaşı, təxribatlar da törətmişdilər. Erməni faşizmi özünün kulminasiya nöqtəsinə 2020-ci il sentyabrın 27-də çatdı. Həmin gündən etibarən erməni işğalının geriyə sayımı başladı. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. 44 gündə Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etdi. Şuşanın azad olunmasından sonra erməni işğalçıları ağ bayraq qaldırmağa məcbur oldular və noyabrın 10-da üçtərəfli Bəyanata - kapitulyasiya aktına imza atdılar.

Üçtərəfli Bəyanatın şərtlərinə görə, Ermənistan ordusu Ağdam, Kəlbəcər və Laçın rayonlarını tamamilə tərk etməyə məcbur oldu. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə də atılmadan, siyasi yolla azad edildi.

Deputat sonda qeyd edib ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdam yeni həyata hazırlaşır. Prezident İlham Əliyevin dediyi kimi, Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün tez və qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək ölkəmizin bir nömrəli məqsədidir. Qarabağın ən böyük şəhəri olan Ağdam əvvəlki illərdə olduğu kimi, Qarabağ bölgəsində də Azərbaycan dövlətçiliyinin sütununa çevriləcək.

“Ağdamın, Kəlbəcərin, Laçınının Prezident İlham Əliyevin diplomatik məharəti ilə döyüşsüz işğaldan azad olunması xalqımız üçün ən böyük töhfə idi və bu proses qələbəyə qələbə qatdı. Bu gün işğal yaramızdan quruculuq meydanına, qayıdış sevincinə çevrilən Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan Bayrağının dalğalanması millət və dövlət olaraq böyüklüyümüzün, bütövlüyümüzün rəmzidir!”, - deyə Rəşad Mahmudov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər