Ağdamın Yusifcanlı kənd sakini, Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Yazarlar” jurnalının baş redaktoru, şair, publisist Zaur Mustafa oğlu Mustafayev (Zaur Ustac) da doğma Yusifcanlıdan ayrılandan sonra özünə rahat həyat şəraiti qursa da, qəlbinin həmişə bir Vətən həsrəti, torpaq yanğısı ilə alışıb-yandığını söyləyir. Amma bu gün doğma kəndinin düşməndən azad olunduğu üçün Zaur Ustac da özünü bəxtəvər sayır və “Şükür bu günə”, - deyir:
- Mən 1991-ci ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbindən məzun olmuşam. Sinfimizdə 17 oğlan vardı. Demək olar ki, onların səhəti imkan verənlərinin hamısı Qarabağ Müharibəsinin iştirakçısıdır. Hər il məzun günü toplaşırıq, Azərbaycanın dilbər guşələrini gəzirik. Harda olsaq, süfrədə nə olsa da, Yusifcanlıda məktəbli olarkən Böyük Bağda limonadla kökə yeməyimizdən danışıb o günlərin həsrətini çəkirik... İndi o bağ-bağatdan, kəndimizdən əsər-əlamət qalmadığını fakt olaraq bilsək də, düşüncə sanki bu reallığı qəbul etmək istəmir... 45-48 yaşlı kişilər 14-16 yaşlı uşaqlığımızın o yerlərdə bizi gözlədiyinə inanırıq və bu həsrətin bitməsini səbirsizliklə gözləyirik... Harada yaşamağımızdan asılı olmayaraq bu gün hamımız yol üstəyik... Gözümüz Qarqarın o tayında olmayan bağlarda, göz dağı dağlarda qalıb...
Sözün əsl mənasında bu çox ağrılı məsələ idi. Mənim ötən əsrin 90-cı illərində yazdığım bir şeir dəftərim var. O dəftəri öz aləmimdə “Məhrəm” adlandırıb, orada yazılmış şeirləri heç bir yerdə dərc etdirməmişəm. Bu şeirlərin əksəriyyəti vaxtı ilə Şuşa, Laçın işğal olunarkən qələmə aldığım şeirlərdir. Ağdamın yoxluğunu isə hətta işğal altında olduğu zamanlarda belə qəbul edə bilmədim... Ağdamın işğalı ilə, qəm-kədəri ilə bağlı heç nə yaza bilmədim. Məncə bu düşüncə ilə bağlı olan məsələdir.
...Kənd camaatı iki gün təntənəli şəkildə bizim həyətdə toplaşıb hal-xoş edəndən sonra 4 aprel 1993-cü ildə Ağdam rayonunun Yusifcanlı kəndindən məni əsgərə yola saldılar... Özümü o gündən hələ də, əsgər hesab edirəm və tərxis olub kəndimə, doğma Yusifcanlıya qayıdacağım günü böyük səbrsizliklə gözləyirəm... Yusifcanlı mənim dünyaya göz açdığım, dünyanı tanıdığım, söz, ədəb, elm öyrəndiyim müqəddəs məkandır. Bu söylədiklərim indi nəyinsə xatirinə deyilmiş, boğazdan yuxarı ibarələrlə dolu süni bir çıxış, söz yığını deyil. Bunun belə olmadığını şanlı zəfərimizlə yekunlaşmış 44 günlük müharibədən əvvəl, müharibə dövründə və eyni zamanda qələbədən sonra müxtəlif mətbu orqanlarda dərc olunmuş yazılarım təsdiq edir.
2002-ci ildən Bakı şəhərində yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb. Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatlığı olan evlər olub. Ancaq o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də, bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…
44 günlük müharibənin gedişində Müzəffər Ali Baş Komandanla, xalqla, ordu ilə həmahəng olan qələm şanlı qələbəmizdən sonra da yurd həsrəti ilə çırpınan qəlbin istək və arzularından yazıb...
Mina RƏŞİD
ZAUR USTAСIN ŞEİRLƏRİ
BAYRAQ BİZİM BAYRAĞIMIZ!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!
Ustac boşa deməz, əlbət:
“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!
11.10.2021.Bakı.
DAĞLAR
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.
USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
Unutma, şah babam Xətai başdı,
Nadir şah mətədə tərpənməz daşdı,
İlham nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.