Bunu müsahibəsində Vətən müharibəsi qazisi Fuad Cavadzadə deyib.
Vətən müharibəsinədək Tərtərdəki "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən Fuad Cavazdadə həlledici döyüş başlananda ərazi bütövlüyümüz uğrunda savaşa qoşulub. O, Tərtərin Suqovuşan qəsəbəsi, Talış və Çaylı kəndləri, o cümlədən Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
"Müharibənin ilk günlərindən döyüşlərə atılanda qarşıma sonacan savaşmağı, Şuşaya qədər gedib çıxmağı məqsəd qoymuşdum. Təəssüf ki, oktyabrın 6-da Suqovuşanda yaxınlığıma düşən mina mərmisi arzumu ürəyimdə qoydu. Yaralandığıma görə döyüşü davam etdirməyim imkansız idi. Nəticədə təxliyə olunaraq Ordumuzun hər gün gələn Qələbə xəbərlərini kənardan izləmək məcburiyyətində qaldım. Bir tərəfdən silahdaşlarımın uğuruna sevinsəm də, digər yandan döyüş meydanından ayrı qalmaq, əsgər və zabitlərimizlə çiyin-çiyinə döyüşə bilməmək mənə ağır gəlirdi. Şuşanın azad edilməsi isə Vətən müharibəsinin sonu, lakin yeni bir Qələbənin başlanğıcı oldu. Ordumuzun müharibədən sonra daha da güclənməsi, hərbi qulluqçularımızın daha da peşəkarlaşması nəticəsində bu gün üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə dalğalanır. Biz buna Vətən müharibəsindən üç il sonra cəmi 24 saat davam edən antiterror əməliyyatları nəticəsində nail olduq. Uğrunda döyüşdüyüm Ağdərədə bayrağımızın dalğalanmasını görmək bir başqa hiss idi. Müzəffər Ali Baş Komandanın Xankəndində ucaltdığı bayraq, Zəfər Günü münasibətilə keçirilən hərbi parad indiyədək üzləşdiyimiz bütün haqsızlıqlara, dünyanın susduğu ədalətsizliklərə qarşı ən tutarlı cavab, ölkəmizə qarşı ərazi iddialarına nöqtə qoyan addım oldu. Təəssüf ki, müharibə və Qələbə itkisiz başa gəlmir. Bu müqəddəs amal uğrunda canından keçən bütün hərbi qulluqçularımıza uca yaradandan rəhmət diləyirəm. Rəşadətli Azərbaycan Ordusunun qalib əsgəri olmaqdan qürur duyuram".
Qeyd edək ki, ikinci qrup əlil olan F.Cavadzadə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. (AZƏRTAC)