Bir neçə il əvvəl isə bu təqvim daha bir yeniliklə – Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçidlə əlamətdardır. Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində müvafiq tədbirlər görülməkdədir.
1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb.
Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.
Orta dalğalarda “Azərbaycan” radiosu və müxtəlif dillərdə yayımlanan “Xaricə yayım” radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.
Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, “Azerspace” peyki) yayımlanır.
Qeyd edək ki, hazırda işğaldan azad edilən ərazilərdə 6 ədəd radio televiziya stansiyası qurulub. Bu stansiyalar vasitəsi ilə hazırda 11 televiziya və 6 radionun yayımı həyata keçirilir.
Hazırladı: Mina RƏŞİD