Murad ailəsi, iki balası ilə arada Şəhidlər Xiyabanına gedərdi. Bir dəfə məzarlardan birini göstərib və deyib ki, bax mən də bir gün burada yatacam. Atası deyir ki, şəhid olmaq elə bil, oğlumun arzusu idi, o öz istəyinə çatdı. Övlad açısı nə qədər ağır olsa da, anası Muradla bağlı qürurla danışır. Deyir ki, oğlum qorxu nədir, bilmirdi...
Bu gün doğum günü olan Vətən müharibəsi qəhrəmanlarından biri, şəhid Murad İlqar oğlu Rəhimli 1991-ci il oktyabrın 31-də Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə ADPU-nun ekologiya fakültəsinə daxil olub. SOCARda atıcı işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib.
Ailəli idi, 2 oğul övladı Vətənə yadıgar qalıb. 2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Murad Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində oktyabrın 1-dən Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərə qatılıb.
İgid döyüşçü oktyabrın 7-də Suqovuşanda qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Murad Rəhimli ölümündən sonra “Vətən uğrunda, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” müdalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD