İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik eneriisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi Qaydası”nın tətbiqinə başlanıb. Vergi ödəyicilərinin diqqətinə çatdırılır ki, maliyyə yardımı almaq hüququ olan sahibkarlar həmin dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanına müraciət etməlidir.
"Vətən səsi" xatırladır ki, “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik eneriisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi Qaydası” Nazirlər Kabinetinin 2 iyun 2023-cü il tarixli 180 nömrəli Qərarı ilə təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərdə iş quran sahibkarlara daha bir güzəşt nəzərdə tutan bu qərar kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiqləyən sənədləri (rəsmi formada imza və möhürlə tədiq edilmiş bank çıxarışlarını), istehsal fəaliyyətinin göstərildiyi təsərrüfat subyektində kommunal xidmətlərdən istifadəyə dair aidiyyəti dövlət müəssisələri ilə bağlanılmış müqavilələri və bildirişə əlavə edilmiş formada məlumat formasını vergi orqanına təqdim etməklə istehlak olunmuş kommunal xidmətlər üzrə maliyyə yardımının verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq imkanı yaradılıb.
Hüquqi şəxslərlə yanaşı VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər də həmin maliyyə yardımlarından bəhrələnə bilər. Belə ki, həmin qaydaların 1.2-ci bəndinə uyğun olaraq, maliyyə yardımı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində ödənilir.
Kommunal xidmətlərə görə maliyyə yardımı sahibkarların müraciəti əsasında aşağıdakı qaydada ödənilir:
- Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;
- Dövlət Xəzinədarlıq Agentliyi 2 iş günü müddətində təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir.
“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na 1 nömrəli əlavədə deylir ki, güzəştlərin tətbiq edildiyi inzibati zonalarda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar maliyyə yardımından istifadə etmək istədikdə kommunal xidmətlərin istehlakına dair məlumatları hər ay Dövlət Vergi Xidmətinə göndərməlidir. Xüsusi məlumat vərəqində sajibkarın adı, hüquqi ünvanı, VÖEN-i (fiziki şəxslər soyadı, adı və atasının adı, VÖEN-i), bank rekvizitlər, habelə ay ərzində istifadə etdiyi kommunal xidmətlərin adı və ödənişin məbləği göstərilməlidir.
Xatırladaq ki, maliyyə yardımı almış sahibkarların uçotu İqtisadiyyat Nazirliyi tərəfindən aparılacaq.
Elxan SALAHOV