20.10.2024, 12:30
AZ EN
17.10.2023, 09:16 294

Şahid zirvəsi

XƏBƏRLƏR
  • Şahid Vətənə xidməti dövründə peşəkarlığı ilə seçilib. 28 yaşlı bacarıqlı zabit Vətən müharibsinə çoxdan hazır idi. Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr endirməsi gözlənilən Zəfər yolunda həm də, onun üçün bir təcrübə olmuşdu...

Bu gün doğum günü olan qəhrəman şəhidimiz, baş leytenant Şahid Gülməmməd oğlu Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun  Qaracalar kəndində dünyaya göz açıb. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. İlk təyinatı 2015-ci ildə Tərtər rayonunda düşmənlə üz-üzə olan posta olub. Son təyinat yeri isə Mingəçevir idi. 

Baş leytenant Şahid Əhmədli Aprel döyüşlərində də böyük şücaət göstərib. Müdafiə naziri Zakir Həsənov özü onu mükafatlandırıb, fəxri-fərmana layiq görmüşdü. 

Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük

Vətən müharibəsində xüsusi (hücum) qruplardan birinin rəhbəri olub. Qardaşı deyir ki, əslində Şahid maddi-texniki bazanın rəhbəri idi, o özü bu qrupu seçdi.  Deyib ki, mənim təcrübəm də var. İsrarla bu qrupu götürüb və döyüşlərdə öndə olub. Çünki onun ən böyük arzusu torpaqlarımızın azad olunması idi: “Müharibə olmalıdır, 30 ildu biz bu günü gözləyirik”.

Şahid Əhmədli rəhbərlik etdiyi qrupla Murovdağ yüksəkliyinin alınmasında şücaətlər göstərib. Sonra Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə də, qəhrəmanlıq nümayiş etdirib. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan post azad edilərkən bayrağımızı burada ucaldanlardan olub.

Talış kəndi uğrunda gedən qızğın döyüşlərdə üz nahiyəsindən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla doğma Saatlı rayonunda oktyabrın 12-də torpağa tapşırılıb. 

Həyat yoldaşı danışır: “Şahid tez-tez deyirdi ki, kaş müharibə başlasın, torpaqlarımızı geri qaytaraq”. Bunun başqa yolu olmadığını təkrarlayırdı. Xocalı soyqırımında baş verən müsibətləri xatırladıb, qisasını alacağı anı gözlədiyini deyirdi. Anası və mən düşməndən özünü qorumasını tapşıranda, "Düşmən kimdir ki, məni öldürsün", - deyirdi.

Murov dağı silsiləsindəki Murov zirvəsinin azad edilməsində şücaətlər göstərib və adına zirvə verilib – Şahid zirvəsi...

“Yoldaşımın mərdliyini qorxmazlığını, şücaətini izah etmək və danışmaq mənim üçün böyük qürurdur. Onun haqqında danışmaq nə qədər çətin olsa da, istəmirəm unudulsun, istəyirəm hamı onu tanısın. Bu vətənin necə igidlər böyütdüyünə hamı şahid olsun. Tək onu yox, bütün şəhidlərimizi yadda saxlamaq, anmaq, unutmamaq bizim mənəvi borcumuzdur”. 

Həyat yoldaşının fərdi keyfiyyətlərindən söz açan D.Əhmədli qeyd edib ki, baş leytenant Şahid Əhmədli çox yaxşı hərbçi və gözəl ata idi: “Xarakter olaraq təmiz, mehriban və ailəsinə bağlı idi. Sakit təbiətli olmasına baxmayaraq, ailədə şən, deyib-gülən biri idi. Fəxr edirəm ki, onun həyat yoldaşı və övladlarının anasıyam. O, Şəhid olduğu üçün pis olmuram. Övladlarımın atası və həyat yoldaşımı itirdiyim üçün pis oluram...”

Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimizin iki qızı Vətənə yadigardır.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD  

Oxşar xəbərlər