Teatrın foyesində müəllif Könül Fazilqızı kitabı imzalayaraq qonaqlara təqdim edib. İştirakçılar Teymurun döyüş yolunu əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək bildirib ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərimizin cəmiyyətə, gənclərə ötürülməsi, onların milli ruhda yetişməsidir: “Xalqımız son üç ildə tarixinin ən parlaq səhifəsini yaşayır. Bu da Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun, Teymur Məcidzadənin timsalında qəhrəman zabit və əsgərlərimizin 2016, 2020 və sonda 2023-cü ilin sentyabrında göstərdikləri böyük şücaətin, fədakarlığın nəticəsidir. Bütün şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, şəhid ailələri, qazilərimiz ən uca, ən müqəddəs ünvan olacaq. Teymur Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Şuşa bizim qədim mədəniyyət mərkəzlərimizdəndir. Bu gün orada aparılan sürətli bərpa və quruculuq işlərinin məqsədi mədəniyyətimizin, mənəviyyatımızın qısa zamanda Şuşaya qaytarılmasıdır. Bu quruculuq işlərini fəxarətlə izləyərkən şəhid və qazilərimizi dərin minnətdarlıq hissi ilə yada salırıq”.
Kitab haqqında söz açan nazir müavini bildirdi ki, şanlı Zəfərimizin əldə edilməsinin nə qədər çətinliklə başa gəlməsini, Vətən yolunda minlərlə igid oğlumuzun şəhid olmasını gənc nəslə təbliğ etmək vacibdir: “Kitabın adı mistik bir məna daşıyır – “Şuşada bitən yuxu”. Bu gün Prezidentimizin rəhbərliyi ilə bütün regionda yeni reallıqlar yaşanmaqdadır. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Gələn il isə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək”.
Qeyd edək ki, kitabda döyüş yolundan bəhs edilən qəhrəmanımız Teymur Məcidzadə Vətən müharibəsində Füzulidən Şuşayadək gedən savaşlarda şücaətlər göstərib. O, 2020-ci il noyabrın 9-da Vətən müharibəsinin 43-cü günündə, savaşın bitməsinə saatlar qalmış Şuşa ərazisində şəhid olub. Şəhidimiz Fəxri xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə, habelə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Ruhu şad olsun.
Hazırladı: Mina RƏŞİD