- İndiki görüşümüz çox gözəl vaxta təsadüf edir. Havamız qələbə ətri ilə doludur, torpağımıza qələbə ruhu hopub. Həm qarabağlı, ağdamlı, həm yazıçı, həm də bir vətəndaş kimi illərdi bu dönüşü gözləmişəm. Fəxrlə, qürurla, ürək ağrısı ilə yaşadığımız bu 44 günlə bağlı danışmalı, bu Zəfərin öndəri Ali Baş Komandanımıza, bu zəfəri qazananlara, onu bizə bəxş edənlərə, bu yolda şəhid olanlara, sağlamlığından və gəncliyindən keçənlərə deməli çox sözümüz var. Bu qələbədən illər keçsə də, onun haqqında danışmaq, onu müzakirə etmək, ürəyim istəyən adamlarla sevincimi paylaşmaq mənə də çox xoşdu...
Ağdam rayonunun Şelli inzibati ərazisinə daxil olan Qaradağlı kəndində böyümüşəm. Ali məktəbi bitirib təyinatla gəlib orada müəllim işləmişəm. Uşaqlığım, gəncliyim bu kənddə keçib, burada arzularım böyüyüb, ümidlərim çiçəkləyib... Nə yaxşı ki, o torpaq yenə bizimdi. Bundan böyük sevinc, xoşbəxtlik yoxdu. Qovuşmaq hər mənada çox gözəldi. Dosta, doğmaya… Amma torpağın yerini heç nə verə bilməz, illərdi yurd həsrəti çəkən bir insan kimi hər gün o torpağın ətrini duymuşam, həsrətini çəkmişəm. Yaxşı yadımdadır, həyətimizdə qızılgüllər var idi. Nənəm deyərdi, bu mürəbbə qızılgülüdür. Ovuc içi boyda olardı, ləçəkləri açıq çəhrayı, ətri insanı bihuş edən… İllərdir mən həmişə qızılgülü qoxlayanda özümü Ağ-damda, kəndimizdə, həyətimizdə hiss etmişəm. O qoxu məni çəkib ora aparıb, bu böyük möcüzədi... Və ən böyük möcüzə bilirsiniz nədir? Ən böyük möcüzə o qızılgüllərin yurda sədaqəti, vəfasıdır. 28 ildən sonra dağılmış yurd yerimizdən, daşı-daş üstündə qalmayan ocağımızdan çəkilən video-görüntü məni heyrətə gətirdi. Bir daşı belə qalmayan evin həyəti çəmçəhrayı qızılgüllərlə örtülmüşdü. Güllər solmamışdı.
Qarabağ mövzusu Sevinc xanım üçün həmişə aktual olub. “Qisas” povestindən tutmuş pyeslərinə, “Xocalıya” adlı poemasına qədər. Elə bu mövzuda olan “Ağca və Cuppulu” adlı hekayəsi 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) işıq üzü görüb. 2020-ci ildə isə bu hekayə Cənubi Koreya Respublikasında 3 dildə (Azərbaycan, ingilis və Koreya dillərində) çap edilib. Hekayə Koreyanın Kvanju şəhərindəki Asiya Mədəniyyət Mərkəzinin "Asiya ölkələrinin şəkilli kitab layihəsi" çərçivəsində işıq üzü gördü. Kitabın illüstrasiyalarını çəkən rəssam Bon Hee Azərbaycana gəlmişdi.
“Sizcə, daha çevik təbliğata malik televiziya proqramlarımızda uşaq ədəbiyyatımızda Qarabağ, Zəfərlə bağlı mövzular yetərincə təbliğ olunurmu?” sualına isə Sevinc xanım belə cavab verdi:
- Bizdə televiziyada normal uşaq verilişləri yoxdur. Mən bu yaxınlarda Amerikada oldum. Gördüm nəvəm televiziyada “Bilippi”yə tamaşa edir. Deməli, verilişdə hər dəfə bir mövzudan danışılır. O mövzu hərtərəfli izah edilir, araşdırılır, bütün detalları ilə uşağa təqdim edilir. Etiraf edək ki, bizdə belə deyil.
İkinci Qarabağ müharibəsi ərəfəsində Mədəniyyət Nazirliyinin Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi “Vətənpərvərlik” müsabiqəsinin təqdimatında “Ölərəm dərdindən, onu bil...” adlı hekayəsi ilə bu janrda 1-ci yerin qalibi kimi çıxış edən Sevinc xanımın o vaxt söylədiyi şeiri qəzetimizin oxucularına təqdim etməklə arzu edərdim ki, milli uğurlarımız da-ha da artsın, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında daim şanlı olaylar müəllifi olaq.
Qış gəlibdir, qapıdadır,
Qar yağmağa dam gəzəcək.
Qar üstündə iz qoymağa
Bir əziz adam gəzəcək...
Ay bu yurdu viran edən
Qış ahı yaman olur ha...
Daş qoymadın daş üstündə,
Ağ damı daşdan elədin...
Bir yurdu daş-daş çevirdin,
Bir eli başdan elədin...
Daşlara, “daş”, deyib keçmə,
Daş ahı yaman olur, ha!
Quşlar süzür başı üstə,
Ağac yox ki, qursun yuva...
Ağdama yağışlar yağır,
Qan izini yuyur hava...
Sənə bir söz pıçıldayım:
Quş ahı yaman olur ha!
Mina RƏŞİD