“Biz güllərlə qəddar erməni əsirliyində qaldıq. Orda olan böyük kamerada oğlanlarla kişiləri yığmışdılar. Allaha and olsun, onlara elə zülmlər verirdilər ki, heç bir sözün gücü çatmaq onu ifadə etməyə. Amma o işgəncələrə baxmayaraq, azərbaycanlə əsirlər elə qışqıraraq deyirdilkər ki, Xocalı da, bizimdi, bura Azərbaycan torpağıdır. Erməni cəlladlar onlara deyirdilər ki, ay bayraq qaldırın çıxın, niyə çıxmırsınız... Onlarsa qışqırırdılar ki, Xocalı bizimdir, bura Azərbaycandır, bizim Vətənimizdir, qanımıza qəltan etsəniz də çıxan deyilik. Onlar döydükcə, bunlar qışqıraraq eyni sözləri təkrar edirdilər. azğınlaşmış ermənilər onları vurub qollarını, qıçlarını necə sındırırdılarsa şaqqıltısını biz eşidirdik, ürəyimiz dağlanırdı David idi, Vitali Balasanyan idi, Samvel Babayan idi. Bunlar əsirlərə olmazın işgəncələr verir, başlarını kəsirdilər. Yaşa adında oğlan var idi, elə anası Zeleyxa xala bizimlə idi. Dedilər ki, Yaşanı çıxarın tankın arxasına bağlayın. Yaşanı tankın arxasına bağladılar. Əsgaranın içi ilə onu o qədər sürümüşdülər ki, Yaşa olmuşdu bir əski parçası...”
Dolub-daşan gözləri, yorğun baxışları ilə 31 il öncəki dəhşətli hadisələri sinəsi dağlana-dağlana davam edir Elmira Kərimova:
“Körpəmi alıb əllinə o bunun üstünə atırdı, bu onun...
David kişilər olan kamerada işgəncə verirdi. Cavanların qulağın kəsir, qolların qırırdı, qolun burub dizinin üstünə qoyub ortadan bölürdü. Çox sayda cavanlara bu üslla işgəncə verirdilər. Hər dəfə belə səhnələrin şahidi olduqca gözlərimizdən od çıxırdı sanki...”
İllərdi qəlbində ən ağır yük kimi saxladığı, düşünəndə belə əzab çəkdiyi yaşadıqlarını əvvəl dilinə gətirə bilmirdi Elmira xanım. Artıq separatçı rejimin qatillərinin ardıcıl həbsindən sonra daha yaşadıqlarının səssizcə itib batmasını istəmir:
“Mən canlı bir şahidəm. Bizə ən çox zülüm edən Vitali Balasanyan idi. Hələ içəridə olanda mənim qardaşımı meşədə yandırdılar. Ağacın altına atıb qardaşımı diri-diri yandırdılar, 3 bacının bir qardaşı idi...”
Elmira xanım əsir düşərkən 7 aylıq hamilə imiş. Erməni canilərinin onun başına açdıqları işgəncələr səbəbindən övladını itirir. 48 nəfərdən ibarən olan azərbaycanlı əsirlər dəhşət dolu günlər yaşayırlar. Sonra 48 nəfərdən 6-nı azərbaycanlıların əlində olan erməni leşləri ilə dəyişmək qərarına gəlirlər. 6 nəfərin içərisində Elmira xanım da olur.
“David içəridəydi, Samvel Babayanla Vitali Balasanyan bizi apardılar dəyişməyə. Vitali fənəri üzümə tutdu. Başımdan yun şalı götürəndə şalla birlikdə saçım töküldü. Saçım töküləndə, soruşdu ki, Samvel bu hardaydı? O da qayıtdı ki, hamısı bir yerdəydi. Vitali dedi ki, mən bunu niyə görmədim orda? Saçımı doladı əlinə. Dedi ki, sənin uşaqlarındı onlar? Dedim bəli. Oğlanla qız mənimdi. Soruşdu ki, içəridə sənin nəyin qalıb? Dedim ki, içəridə böyük bacımdı, daha demədim bacımın qızı da ordadı. Ermənicə dedi ki, sənin uşaqlarını qaytarıb verirəm bacına, amma səni meşəyə göndərəcəm. Meşədə hardaki mən qalıram, orda yerim var, orda sən mənim yeməyimi bişirəcəksən, paltarımı yuyacaqsan. Sən qalacaqsan orda. Elə yalvarıram buna, elə ağlayıram ki...Ondan soruşdum ki, sənin balan var? Var dedi, niyə yoxdu. Ona yalvarıb dedim ki, məni balalarımdan ayırma. Öldürürsən, üçümüzü də birlikdə öldür. Amma məni onlardan ayırma. Sonra Samvel dedi ki, Vitali, burax onu. O da qayıtdı ki, buraxmıram. Samvel avttomatı tuşladı ona və dedi ki, sən bilirsən ki, bunları biz xalam oğlu ilə neqr meyidi ilə dəyişirik. Ondan sonra Vitali saçımı buraxıb alnımın ortasından yumruqla vurdu. Arxası qatda yıxıldım. Samvel yaxınlaşıb qolumdan tutdu, ayağa qala bilmirdim, digər erməni boyevikləri ilə söyə-söyə hər iki qoluma girib məni sürüyə-sürüyə aparıb atdılar...”
Elmira xanım Xankəndində təkçə evini, yurdunu yox, bir də geri qaytara bilməyəcəyi, gəncliyin, cavanlığını itirib. Onun əlində gənclik illərindən bircə kadrı belə yoxdu. İllərdi gözlərində keçmişin qanla dolu acı xatirələri ilə yaşayan (buna yaşamaq da demək olmaz) Elmira Kərimovanın baxışlarında indi daha bir gerçəyi görmək olar. Ədalətin mütləq qələbəsinə imanı... Bu gün Elmira xanım kimi yüzlərlə günahsız insanların həyatını məhv edən. əlləri onların qanlarına bulaşan qatillər öz layiqli talelərinə yaxınlaşırlar. Separatçı rejimin alçaq xidmətçiləri qərinəlik cinayətin cəzasının bir addımlığındırlar. Tökdükləri qanlar, körpələrə, qadınlara, gənc qızlara verdikləri işgəncələr təbii ki, ən ağır şəkildə yerinə yetiriləcəkdir...
Hazırladı: Tahirə AĞAMİRZƏ