22.12.2024, 11:59
AZ EN
26.09.2023, 09:00 364

Ağdamın igid oğlu

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid əsgər Mədət Əzim oğlu Qənbərovun doğum günüdür. O, 1995-ci il sentyabrın 26-da Ağdam rayonunda anadan olub. Əslən Ağdam rayonunun Mollalar kəndindəndir. Kənd işğal olunduqdan sonra Mədətin ailəsi məcburi köçkün həyatı yaşamağa məcbur olub.

Mədət Qənbərov 2001-2012-ci illərdə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbdə və Ağdam rayon İmamqulubəyli qəsəbə tam orta məktəbdə orta, 2013-2017-ci illərdə isə Gəncə Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra 2018-2019-cu illərdə Ağdam rayon 69 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışıb. Subay idi.
Mədət Qənbərov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edib. 2018-ci ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam edib.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra Mədət Qənbərov da səfərbər olaraq hərbi təlim toplantılarında iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Mədət Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Mədət Qənbərov 2020-ci il oktyabrın 17-də də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mədət Qənbərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası Əzim kişi həmin gecə yata bilməmişdi. Elə bil, ürəyinə dammışdı ki, oğlu gələcək. Amma onun Şəhid kimi geri dönəcəyinə özünü inandıra bilmirdi...

İndi düşünürəm xoşbəxt atayam,

Ən uca zirvədə dayanır oğlum.

Məzarın qırmızı güllər, bayraqlar,

Sanki bu gün sənin toyundur, oğlum!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər