“Həmin qızıl dişli oğlanam, volibolist Akif, idmançı Akif, əlaçı Akif.. qocalmışam... Mən Xankəndi 4 saylı orta məktəbini 1979-cu ildə bitirmişəm. Nəinki mən, babam da orda yaşayıb, hamımız orda doğulub böyümüşük, orda yaşamışıq. Bizim evimiz bina evi idi. Universitetin qabağında, avtovağzalın yanında idi...”
Bunu Akif Salmanov Az.TV-yə müsahibəsində deyib.
Xocalı adlı şəhər Əsgəran və Xankəndi arasında faciə ilə üz-üzə qaldı. Fevral gecəsində Xocalıda qar üstünə qar yağdı, xocalılar həmin günü dünyada görməmiş faciə yaşadılar. Həmin gün Xocalının işıqları söndü, qan qoxulu arzular isə yarımçıq qaldı...
Şükufə Zeynalova deyir ki, işıq, su, çörək yox idi, hamı bir tikəsini bölüşürdü və əlavə edir ki, Xocalı boyda böyük bir şəhəri ermənilər yer üzündən sildilər... Şükufə xanım Xankəndidə anadan olsa da, Xocalıda yaşayıb.
“Mən əslən Xankəndindəm. Xocalıda doğulub boya-başa çatmışam. Bu da mənim o vaxtkı pasportumdu. İndiyə qədər mən bu pasportu saxlayıram. Həm də ki, mən Xankəndi sakiniyəm. Bu günlərdə “Yutube”də gördüm ki, erməni qız deyir ki, Xankəndindən bir nəfər çıxsın desin ki, mənim əlimdə Xankəndi qeydiyyatı olan sənəd var. Mənim Xankəndi qeydiyyatlı pasportum erməni qızının yalan danışdığının sübutu...
Şükufə xanımın qardaşı Süleyman Hacıyev Xocalıda itkin düşüb. Digər qardaşı isə Azərbaycanın ilk Milli Qəhrəmanı Əlif Hacıyevdir. Şükufə xanım hər zaman qardaşının bu sözlərini xatırlayır: “Azərbaycanın qeyrətli oğlu gələ bilər ki, bu torpaqlarımızın hamısını geri qaytarar”.
Ruhun şad olsun, Milli Qəghrəman! 1992-ci ildə doğma yurdlarından çıxan körpələr 30 il sonra Vətənin qisasını almaq üçün geri döndülər.
Xankəndi, Xocalı sakinlərinin geri dönməsinə də az qalıb...
Füzuli camaatı kimi, Zəngilan camaatı kimi Xankəndi və Xocalı sakinləri də öz doğma yurdlarına qayıdacaqlarına inanırlar...
Hazırladı: Tahirə AĞAMİRZƏ