10.01.2025, 13:39
AZ EN
11.09.2023, 09:22 241

Cənnətdəki doğum günün mübarək

XƏBƏRLƏR
  • Kənan müddətdən artıq hərbi sürücü kimi Vətənə xidmət edirdi. Onun arzusu torpaqlarımızın tezliklə işğaldan azad edilməsi idi. Buna görə də müharibə başlayanda o döyüşlərə artıq çoxdan hazır idi. Ancaq evin tək övladı olduğundan cəbhəyə yollananda bunu doğmalarına söyləmədi...  

Bu gün qəhrəman şəhidlərimizdən olan Kənan Vaqif oğlu Quliyevin doğum günüdür. O, 1992-ci il sentyabrın 11-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirib. Sonra hərbi xidmətə yollanıb. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq hərbi hissədə sürücü kimi xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi minlərlə Azərbaycan oğlu kimi Kənanın da torpaq təəssübkeşliyini, bayraq, millət sevgisini və düşmənə nifrət hissini daha da alovlandırdı. Vətən oğlu özünü əsl döyüşçü kimi könüllü olaraq cəbhəyə atdı, öz qanı ilə adını Azərbaycanın Şanlı Zəfər tarixinə yazdı.

Kənan Quliyev oktyabrın 22-də Xocavənd istiqamətində olan yüksəkliklərin alınması zamanı gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Culfa şəhərində torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə şəhid Kənan Vaqif oğlu Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.

Anası İlhamə xanım indi yeganə övladı ilə qürur duyur. Onun təsəllisi odur ki, bircə balası Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda  şəhid olub.

Kənanın ömür-gün yoldaşı Aysel xanım deyir ki, əvvəlcədən bilsəydim məni bu taleyin gözlədiyini yenə onunla bu ömrü seçərdim. Çünki yoldaşım bir qəhrəmandır.

Öz cəsarəti, vətənpərvərliyi ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılar dəstəsində xidmət edən döyüş yoldaşları Kənanın rəşadətindən bəhs etdikcə bütün doğmaları fəxarət hissi keçirir.

Kənan kimi oğullarla nəinki doğmaları, bu gün bütün Azərbaycan onlarla qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər