1988-ci ildən başlayaraq azərbaycanlıların təzyiqlərə və təqiblərə məruz qaldığı kəndlərdən biri də Xocalı rayonunun Daşbulaq kəndidir.
Kənd sakini Emelya Mirzəliyeva bildirib ki, kənddə ermənilərlə azərbaycanlılar bir yerdə yaşayırdı. 1988-ci ilə qədər milli zəmində heç bir insident yaşanmamışdı. “1988-ci ildə Ermənistandan bir qrup insan gəldi və bundan sonra azərbaycanlılara qarşı təqiblər, təzyiqlər başladı. Bizə hədə-qorxu gəlirdilər. Kəndin bulağından su gətirməyə qoymurdular. Bir dəfə maşınla gedərkən bizi daşa basdılar. Maşının şüşələri qırılıb üstümüzə töküldü. Hamımız qan içində idik. Getdikcə vəziyyət daha da pisləşirdi. Ermənilər Mir Yusif adlı şəxsi bulaqda su içərkən öldürmüşdülər. Neçə nəfər kənd sakininin evini, Arifin maşınını yandırdılar. Kəndimizdən Yaşanı, Əhlimanı öldürdülər. Bir gecə də evləri atəşə tutdular. Biz sağ qalmaq üçün meşəyə qaçdıq, sonra da Xocalıya getdik. Xocalı işğal olunandan sonra isə Ağdam rayonunda məskunlaşmışıq”.
Daşbulaq kəndinin digər sakini Elxan Mirzəliyev doğma kəndlərini 9 yaşında tərk etsə də, evlərini, həyətlərini, orada keçirdiyi uşaqlığını xoş xatirə kimi xatırlayır: “Evimiz ikimərtəbəli idi. Həyətimizdə meyvə ağacları var idi. Kəndimiz meşənin kənarında yerləşirdi, yaxınlıqdan çay axırdı. Kəndimizi kiçik yaşımda tərk etsəm də, heç nə yadımdan çıxmayıb. Hər zaman evimizə, kəndimizə qayıtmaq arzusu ilə yaşamışam, bu ümidlə böyümüşəm. Doğulduğum, uşaqlığımın keçdiyi kəndimizə, evimizə qayıtmaq bizim hüququmuzdur və biz bu hüququmuzun təmin olunmasını gözləyirik”. (AZƏRTAC)