İşğaldan azad olunmuş ərazilərdə peşə yönümlü ixtisaslar üzrə işçilərə böyük ehtiyac var
Bəs, işğaldan azad olunmuş ərazilərdə hansı peşə sahiblərinə daha çox ehtiyac var? Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulan ərazilərində işə dəvət olunan şəxslərin yaşayış və iş şəraiti onların qanunla qorunan əmək hüquqlarının tələblərinə uyğundurmu?
“Vətən səsi”nin mövzu ilə bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, inşaat və tikinti sahəsində müxtəlif peşələr üzrə ixtisaslı kadr çatışmazlığı daha çox hiss olunur. Elə buna görə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər müxtəlif peşə ixtisasları üzrə işçi qüvvəsinə olan tələbatını ödəmək üçün məşğulluq xidməti orqanları ilə əməkdaşlığı da gücləndirib. Təsadüfi deyil ki, son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin iş elanlarında Qarabağda təklif olunan iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda işğaldan azad olunmuş rayonların demək olar ki, hamısında ixtisaslı mühəndislər, fəhlə, sürücü, mühasib və digər peşələr üzrə kadrlara tələbat yüksəkdir. Məşğulluq xidməti orqanları vasitəsilə axtarılan və ən çox tələbatın ehtiyac olduğu peşələr isə bunlardır:
Usta (qəlibçi)
Dəmirçi
Qaynaqçı
Dülgər
Operator (yükləyici, ekskavator, qazıçı-yükləyici)
Elektrik
Topoqraf
Məcburi köçkünlərə üstünlük verilir
Ən mühüm faktorlardan biri odur ki, işğaldan azad olunmuş ərazilərdə işə qəbul zamanı məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir. Bu şərt hətta özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, həmin ərazilərdə fəaliyyət göstərən işəgötürən təşkilatlar qarşısında tələb kimi qoyulub. Əməkhaqqı da az deyil. Aylıq məvacib vəzifə öhdəlikləri üzrə görülən işin xarakterindən və həftəlik iş günlərinin sayından (Laçın və Kəlbəcərdə 5 və ya 6 günlük iş həftəsi) asılı olaraq 400 manatdan 1330 manadək dəyişir.
İşğaldan azad olunan ərazilərdə işləmək istəyən şəxslərə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vasitəsilə də mərkəzləşdirilmiş qaydada işə düzəlmək imkanı yaradılıb. Bunun üçün iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında Kəlbəcər, Laçın, Ağdam, Şuşa, Cəbrayıl, Füzuli və Zəngilan rayonları üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri üzrə məşğulluq xidməti orqanlarının filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.
Kəlbəcərdə və Laçında işləmək üçün işçilər axtarılır
Məşğulluq xidməti orqanları vasitəsilə yayılan iş elanları ilə bağlı təhlillər göstərir ki, hazırda Kəlbəcər və Laçın rayonlarında işçilərə tələbat daha çoxdur. Belə ki, həm Laçında, həm də Kəlbəcərdə dizayn və layihələndirmə, dəmir-beton, qazıntı-söküntü, mühəndis-kommunikasiya və metal konstruksiyalar sahəsində çalışa bilən işçilər axtarılır. Hazırda bu iki rayonda bərpa və yenidənqurma layihələrinin icrası ilə məşğul olan şirkətlər tikinti-quraşdırma sahəsində təcrübəsi olan ixtisaslı mütəxəssislərə yüksək əməkhaqqı ilə iş təklif edir. Vakansiyalarda memarlıq və inşaat mühəndisliyi ixtisasları ali təhsili olan mütəxəssislərə, mühasiblərə və sürücü peşəsi üzrə kadrlara daha çox ehtiyac olduğu görünür.
Memarlıq və inşaat mühəndisliyi ixtisasları üzrə ali təhsilli şəxslərə əsasən menecer və planlaşdırma layihələrində rəhbər funksiyalar təklif olunur. Bunun üçün nazizədlərdən ixtisas üzrə bakalavr dərəcəsi və mülki tikinti sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur. Əmək haqqının məbləği isə namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.
Heç bir infrastruktur təminatı olmayan, yenidən qurulan Kəlbəcər və Laçında çalışan işçilərin iş şəraiti, onların gecələməsi və qida təminatı məsələlərinə gəlincə, əmək müqaviləsi əsasında işə qəbul olunan şəxslərə peşə fəaliyyəni həyata keçirəcəyi ərazidə yaşayış yeri və gündəlik qidalanma, habelə yol xərcləri və korporativ nömrə ilə təmin edilir.
Yeri gəlmişkən, Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və güzəştlərin tətbiqinə başlanılıb. Bu il sentyabrın 1-dən tətbiq olunan qaydalara əsasən Qarabağ və Şərqi Zəngəzurda çalışan işçilərə aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət də ödənilir. Sözügedən müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. Həmin müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir. Sosial dəstək xarakterli birdəfəlik müavinətin təyin olunması üçün şəxs 600 manat məbləğində vəsaiti almaq hüququ yarandıqda sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət etməlidir. Əmək müqaviləsi əsasında işə başlayan şəxs birdəfəlik müavinəti almaq üçün şəxsiyyət vəsiqəsi ilə adları sadalanan qurumlardan birinə bu barədə məlumat verməlidir. Bundan sonra həmin müavinət proaktiv qaydada təyin edilir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi əsasında işə götürülmüş şəxslərə hər il 5 gün əlavə məzuniyyət verilir.
Elxan SALAHOV