Bunu Birinci Qarabağ müharibəsində itkin düşən Cəlilov Firuzun oğlu Qabil Cəlilov Şuşada kütləvi məzarlığı ziyarət edərkən söyləyib.
“Bizə deyildi ki, düşmən əsir götürdükləri hərbçilərimizi Şuşa həbsxanasında saxlayıblar. Eşitmişəm ki, bu yerdə mənim atam da olub. Buranı ziyarət etmək mənim üçün çox çətindir.
Bu məzarlıqda qalıqları tapılan hər bir hərbçimiz bizim üçün doğmadır. Hər birimiz düşünürük ki, bəlkə burada bizim də əzizlərimizin qalıqları tapılar. İnşallah biz də əzizlərimizin qalıqlarını taparıq”, - deyə o bildirib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib. Səfər zamanı Şuşada aşkarlanan kütləvi məzarlıq ziyarət olunub. Səfərdə 50-yə yaxın itkin ailələrin üzvləri iştirak edib.
Xatırladaq ki, “Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Müraciətdə Ermənistana itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamaq, kütləvi məzarlıqların yerlərini təqdim etmək çağırışı olunur. Həmçinin BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılması və hələ də taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həll edilməsi üçün müraciət ünvanlanıb.
Bu il avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. Ümumilikdə isə işğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb. (AZƏRTAC)