08.09.2024, 05:32
AZ EN
25.08.2023, 13:42 319

Keçmiş məcburi köçkün tələbələrin bütün imtiyazları qüvvədədir

XƏBƏRLƏR

Bu il ali və orta ixtisas məktəblərinə daxil olan keçmiş məcburi köçkün gənclər də pulsuz təhsil ala biləcəklər

  • Mövcud qanunvericiliyinə görə, hazırda Azərbaycanda keçmiş məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə bəzi güzəşt və imtiyazlar tətbiq edilir. Məsələn, bu təbəqədən olan, hazırda ali və orta ixtisas məktəblərində ödənişli əsaslarla əyani təhsil alan tələbələrin təhsilhaqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qırx dörd günlük Zəfər müharibəsi nəticəsində işğal altındakı torpaqlarımızın mühüm hissəsinin azad edilməsindən sonra həmin güzəştlərin qüvvədə olub-olmaması müzakirə mövzusuna çevrilib. 2023/2024-cü tədris ili üzrə ali məktəblərə ixtisas seçiminin davam etdiyi, kolleclərdə isə bu mərhələyə hazırlıq getdiyi bir vaxtda məsələ xeyli aktualdır.

Bəs, indiyədək keçmiş məcburi köçkün tələbələrə şamil edilən bu güzəşt yeni tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul ediləcək gənclər üçün də keçərlidirmi?

Elm və Təhsil Nazirliyindən bildirilib ki, torpaqlarımız işğaldan azad edilsə də, Prezidentin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı hazırda qüvvədədir. Həmin Sərəncama əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu, Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiqlənib.

Həmin qərara əsasən, aşağıdakı tələbələr də təhsil haqqından azaddırlar:

-Dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində təhsil alan məcburi köçkünlər qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müddəti ərzində, şəhid ailələrindən olan tələbələr isə 23 yaşınadək;

- Ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində, əyani formada təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları arasından olan şəxslər 23 yaşınadək;

Azərbaycan ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində təhsil alan aşağıdakı şəxslər:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların uşaqları;

-  Hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

- Ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Nazirlikdə onu da bildirirlər ki, keçmiş məcburi köçkün tələbələrin bütün imtiyazları qüvvədədir. Bu isə o deməkdir ki, işğaldan azad edilmiş rayonlardan olan, hazırda məcburi köçkün statusu daşıyan və 2023/2024-cü tədris ili üzrə ali və orta ixtisas məktəblərinə qəbul edilən gənclərin təhsilhaqqı xərcləri əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsi hesabına ödəniləcək. Ümumilikdə isə təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər 6 kateqoriyaya bölünür. Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər