23.11.2024, 03:49
AZ EN
24.08.2023, 16:15 210

Birinci Qarabağ müharibəsi şəhidi Adil Niftəliyev Xaçmazda dəfn olunub

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsi şəhidi Adil Niftəliyevin cəsədinin qalıqları avqustun 24-də Xaçmazda dəfn olunub.

1992-ci ilin yanvarın 26-da Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 31 il sonra doğulub boya-başa çatdığı Kiçik Baraxum kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Niftəliyev Adil Kamal oğlu 1966-cı il iyulun 24-də Xaçmaz rayonunun Kiçik Baraxum kəndində dünyaya göz açıb. Dörd qardaşdan ən kiçiyi olan Adil hərbi xidmətdən sonra Bakıya gedərək Biləcəri qəsəbəsində dəmiryolçu kimi çalışmağa başlayıb. Birinci Qarabağ müharibəsi başlayanda isə könüllü cəbhəyə yollanıb. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

Adil Niftəliyevin dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid Adil Niftəliyev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkarlanan şəxsiyyəti müəyyənləşmiş yeddi nəfərdən biridir. (AZƏRTAC)

Oxşar xəbərlər