Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bir qrup Tuğ kənd sakini ilə görüş keçirib. İcra başçısı görüşdə bu ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bir çox maddi-mədəniyyət abidələri vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Eyvaz Hüseynov görüşdə “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu haqqında sakinlərlə söhbət aparıb və onların təkliflərini dinləyib.
Sonda kənd sakinləri Tuğ kəndinə göstərdiyi böyük diqqətə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Mina RƏŞİD