Bakıda məskunlaşan Ramin Abdullayev yaxın günlərdə Laçına geri qayıdacaq ailələr arasındadır. “Baku” TV-nin hazırladığı video-çəkilişdən də görünür ki, artıq onların evlərində Laçına köçməklə bağlı hazırlıq işləri aparılır.
Ramin Abdullayev deyir ki, burda yorğunam, amma ora köçdükdən sonra yorğunluğumu çıxaracam və əlavə edir ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil. O hissləri insanlara, torpaq həsrətilə yaşayan hər bir məcburi köçkün ailələrinə arzulayıram. O sevinc hissi, bəlkə də, insanın sağlamlığına, rahat həyat yaşamasına kömək edə bilən bir hissdir. Ramin daha sonra deyir ki, Atamın üz qoyduğu torpaq ki, var, yəni mən o qəbiri ziyarət eləməliyəm. Hansı ki, o qəbirin üstünü ernənilər dağıdıb töküb. Artıq 32 ildir, həm əlilliyim, həm gözləntim, yəni bir əlil kimi də bunu gözləmək çox çətindir. Canımı qoyduğum torpağa geri getməliyəm. Məndən başqa qat-qat məndən də çox qanları tökən, canlarını qoyan insanların qanları üstündə bərqərar olunan torpağı sevməmək mümkün deyil. O ki, qala o, Laçın ola.Vətənin başı, ayağı olmaz, hər qarışı bizim üçün əzizdir, doğmadır. Amma bir insan öz anası üçün necə darıxırsa, həqiqətən də doğulduğun ana yurd üçün də elə darıxırsan, bəlkə də, ondan çox darıxırsan. Həsrət çəkmək çox çətindir, intizarda olmaq, onu gözləmək, vaxtını da bilirsən, onu gözləmək çox çətindir. Hər bir məcburi köçkünə arzulayıram ki, rahat həyat tərzini öz doğma dədə-baba torpağında yaşaya bilsin. Bu evi dövlət mənim üçün təqdim eləyib. Buna görə dövlət başçımıza minnətdaram. Arzu edirəm ki, məndən sonra hansısa bir müharibə əlilinə, şəhid ailəsinə qismət olsun. Necə ki, mən orda rahat, şad yaşayacağam, onlara da bunu arzulayıram. O torpağa köçəcəyimizə görə buna sevinməkdən başqa bir hiss keçirmək mümkün deyil.
Hazırladı: Tahirə AĞAMİRZƏ