22.11.2024, 21:01
AZ EN
08.06.2023, 08:10 235

Hərbi ekspert: Ermənistan sülh müqaviləsini imzalamaq əvəzinə, Ordumuzun mövqelərinin qarşısında fortifikasiya qurğuları quraşdırır

XƏBƏRLƏR

Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə qeyri-konstruktiv mövqeyi ilə seçilib. Buna da səbəb birinci növbədə Ermənistanın rəhbərliyinin ümumiyyətlə xarici qüvvələrin sifarişini yerinə yetirməsidir. Güclü dövlətlər həmişə öz mənafeyini güdür və öz xalqının, dövlətinin maraqlarını müdafiə edə bilir. Ermənistan isə heç vaxt güclü dövlət olmayıb. Daxili siyasi və sosial problemlər içində boğulan Ermənistan bu təsirlərin altında qalaraq regionda həmişə gərginliyə səbəb olan addımlar atmaqdadır. Biz bunu yeni tariximizdə də görürük. Hətta Azərbaycan Vətən müharibəsində düşmənin işğalçı qüvvələrini darmadağın etdikdən, Qələbə qazdıqdan və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra məğlub olmuş Ermənistan konstruktiv mövqe tutmaq əvəzinə yenə də üçtərəfli Bəyannamənin müddəalarını yerinə yetirməkdən boyun qaçırır. Həmçinin Azərbaycanla sülh müqaviləsinin bağlanmasının müddətinin uzadır, regionda dinc şəraitdə yaşamaq istəmir.

Bu barədə polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanov vurğulayıb ki, buna həm Ermənistandakı, həm də xaricdə bəzi qüvvələr mane olur. Bəzi böyük dövlətlər erməni diasporu adı ilə regionda öz maraqlarını təmin etmək üçün müəyyən addımlar atırlar. Bu da münaqişənin və ya regionda sülhün bərqərar edilməsinə, sabitliyə, inkişafa çox ciddi mane törədən amillərdir. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Ermənistanla delimitasiya, demarkasiya məsələləri ilə bağlı işin aparılmasını və bu ölkə ilə sülh müqaviləsini imzalamağı təklif etmişdir. Bunun əksinə qarşı tərəf sərhədlərdə bərkitmə işləri görməyə, fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərir.

Onun sözlərinə görə, 30 il müdafiə quran Ermənistan Vətən müharibəsindən dərs çıxarmayıb. Yəni, əgər Azərbaycana hansısa təhlükə yaranarsa, qazılan heç bir səngər və mövqe Ordumuzu saxlaya bilməyəcək. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev də demişdi ki, əgər istər təcavüzkar ölkə, istərsə də onun xaricdəki havadarları Azərbaycana qarşı təhlükə yaradacaq addımlar atarsa, adekvat tədbirlər görüləcək. Odur ki, Ermənistan bu fəaliyyətləri ilə bir daha regionda sülhün bərqərar olmasında maraqlı olmadığını göstərir. Hər cür manipulyasiya edərək sülh sazişinin imzalanmasının uzadılmasına doğru addımlar atır. Bu addımlar da təxribatlar, atəşkəsi pozmaq və bu kimi digər fəaliyyətlərdir.

Digər tərəfdən Qarabağ iqtisadi zonasında qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsi məsələsinə gəlincə, Azərbaycan hər an antiterror əməliyyatı keçirə bilər. Ümumiyyətlə Azərbaycan Ordusu antiterror əməliyyatını aparmağa həmişə hazırdır. Hansısa əməliyyatla bağlı tapşırıq olarsa, Ordumuz onu dərhal yerinə yetirməyə qadirdir. Bu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, yaxud da sərhəddə qarşı tərəfin terror fəaliyyətinin qarşısının alınması ola bilər. Silahlı Qüvvələrimiz əməliyyat şəraitini daim nəzarət altında saxlayır. Ordumuz istər Ermənistanla şərti sərhəddə, istərsə də Qarabağ iqtisadi zonasında gedən bütün prosesləri müşahidə edir. Hər hansı vəziyyətə görə qərar qəbul edərək addım atmaq haqqını Azərbaycan özündə saxlayır.

Əvvəllər də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülərək terrorçuların qarşısının alındığını söyləyən Qarabağ müharibəsi veteranı deyib: “Ordumuz irimiqyaslı antiterror əməliyyatı aparmağa da hazırdır. Sadəcə vəziyyət hələ böhran həddinə çatmayıb. Danışıqlar yolu ilə Ermənistan tərəfinin üçtərəfli birgə Bəyannamədə nəzərdə tutulan dördüncü bəndin yerinə yetirilməsi, yəni qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması üçün imkanlar hələ ki mövcuddur. Eləcə də son zamanlar sülh müqaviləsinin imzalanması prosesinə hazırlığın intensivliyini nəzərə alaraq düşünürəm ki, bu məsələlər də saziş bağlandıqdan sonra həllini tapacaq”.

Ehtiyatda olan polkovnik bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atıcı silahlardan mütəmadi şəkildə atəşə tutulması və təxribatların törədilməsi diplomatik danışıqların intensivliyi fonunda ölkəmizə müəyyən şəkildə təzyiq göstərmək məqsədi daşıyır. Yəni, Ermənistanın siyasi-hərbi rəhbərliyi bəhanə edir ki, sərhəddə vəziyyət gərgindir, ona görə də sülh müqaviləsinin imzalanmasına və yaxud hər hansı praktiki qərarlar qəbul edilməsinə hələ şərait yaranmayıb. Bu ermənilər tərəfindən daim istifadə olunan hiyləgər münasibətdir.

“Xatırladaq ki, Müdafiə Nazirliyinin son məlumatına görə, qeyri-qanuni erməni silahlı dəstələri kənd təsərrüfatı işləri adı altında Ordumuzun mövqelərinin qarşısında yenə də uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ümumiyyətlə fortifikasiya mühəndis-istehkam işləridir. Müdafiə xəttində atəş mövqeləri və yaxud mühəndis-istehkam qurğuları, səngərlər hamısı kompleks şəkildə hərbi termin kimi fortifikasiya işlərinə aiddir. Yəni Ermənistan ordusunun şərti sərhəddə apardığı bu qazma işlərinin məqsədi ilk növbədə atəş vasitələrindən daha yaxşı istifadə etmək, öz şəxsi heyətini qorumaq və ordumuza qarşı növbəti də təxribat törətməkdir. Lakin bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan həmin işlər dərhal dayandırılıb, beləliklə gələcəkdə törədilə biləcək təxribatların qarşısı qətiyyətlə alınıb”, - deyə hərbi ekspert izah edib. (AZƏRTAC)

Oxşar xəbərlər