Bu barədə hərbi ekspert İbrahim Rüstəmli deyib.
Hərbi ekspert qeyd edib ki, “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiyanın, 1949-cu il Cenevrə konvensiyasının və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyasının müvafiq müddəalarının kobud şəkildə pozulması nəticəsində ümumiyyətlə Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3171 nəfər hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması barədə təkzibedilməz məlumatlar var. Erməni tərəfi, etiraf etmək istəməsə də Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş, əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə aid kütləvi qəbirlər törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.
Onun sözlərinə görə, 44 günlük Vətən savaşından sonra aşkarlanan faktlara müraciət etsək görərik ki, 2021-ci il fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərə məxsus kütləvi məzarlıq tapılıb. 2022-ci il martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndinə baxış zamanı 18 nəfərə aid insan meyitinin qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarılıb. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərdir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütləq beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar.
Polkovnik-leytenant bildirib ki, Şuşa həbsxanası həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilmiş dəhşətli müharibə cinayətidir. Bu xüsusda həmin həbsxanada qanunsuz saxlanılan azərbaycanlılar və onlara verilən ağır işgəncələr, burada törədilmiş amansız zorakılıq, ölüm hadisələrinə dair, kütləvi məzarlığa faktlara bu kontekstdən
yanaşsaq lazımdır. Ermənistan uzun illər zənn edirdi ki, işğal etdiyi Şuşa həmişəlik onundur və buradakı cinayətlərinin üstü heç vaxt açılmayacaq. Lakin bu gün Şuşa azaddır, Azərbaycan dövləti Ermənistanın törətdiyi müharibə cinayətlərini hərtərəfli araşdırır və faktlarla ifşa edir. Şuşada aşkarlanan insan qalıqları Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasının ardıdır. Hazırda Füzuli istiqamətində də oxşar axtarışlar gedir. Ermənistan dinc azərbaycanlı əhaliyə - girovlara, o cümlədən əlinə düşmüş Azərbaycan hərbiçilərinə - əsirlərə qarşı törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.
“Cinayətin izini itirmək mümkün deyil. Bu cinayətlərin törədilməsində Serj Sarkisyan kimi quldurlar, uşaq qatillərin əli var. Azərbaycan bu qatillərin beynəlxalq tribunalarda cəza almasına nail olacaq. Dövlətimiz bunu heç vaxt etinasız qarşılamayacaq. Yəqin ki, Azərbaycan dövləti bu cinayətlərin hesabını mütləq soruşacaq. Çünki bu yalnız Azərbaycan vətəndaşına qarşı törədilmiş hərbi cinayətlər, vandallıq, terror aktları deyil, bu, eləcə də bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır. Düşünürəm ki, bundan sonra çox faciələrin üstü açılacaq, bundan sonra çox gizli mətləblərə aydınlıq gətiriləcək. Belə ki, Azərbaycan öz ərazilərini düşməndən təmizləyəndən sonra orada törədilmiş cinayətlər şahidlərinin verdiyi ifadələr və ehtimallar əsasında zaman-zaman məlum olacaq. Öz insanına qarşı törədilmiş hərbi cinayətlərin, terror aktlarının beynəlxalq səviyyədə işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılacaq”, - deyə İbrahim Rüstəmli söyləyib.
Hərbi ekspert vurğulayıb ki, bütün bunlar ermənilərin azərbaycanlılara, eyni zamanda, türklərə və türk dünyasına qarşı münasibətinin konkret ifadəsidir. Bunun bədəlli ödənilməlidir. Əks təqdirdə, biz gələcəkdə də bu faciələrin daha böyük, daha ağır fəsadları və nümunələri ilə üz-üzə qalacağıq. (AZƏRTAC)