08.06.2025, 23:42
AZ EN
05.06.2023, 10:08 314

Vətən Müharibəsinin gənc qəhrəmanı

XƏBƏRLƏR
  • Sahil Coşqun oğlu Babayev 2002-ci il iyunun 5-də Şabranın Ceyranlı kəndində dünyaya gəlib. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Bir  bacısı var. Kənddə doqquz illik təhsil aldıqdan sonra Şabrandakı 2 saylı tam orta məktəb-liseydə təhsilini davam etdirib. Daha sonra 2019-cu ildə Bakı Turizm Kollecinə qəbul olunub.

Sahil 2020-ci il iyulun 7-də həqiqi hərbi xidmətə gedəndə hələ təhsilini başa vurmamışdı. Düşünürdü ki, Vətənə borcunu verib qayıdanda  təhsilini davam etdirər. Ancaq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi buna imkan vermədi. Belə ki, gənc əsgər olmasına baxmayaraq Sahil böyük həvəslə döyüşlərə qoşuldu. O, Ağdərə, Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlər göstərdi. Elə həmin qanlı döyüşlərin birində - oktyabrın 20-də qəhrəmancasına şəhadətə ucaldı. Şəhidimiz oktyabrın 21-də doğulub boya-başa çatdığı Ceyranlı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin igid əsgəri Sahil Babayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

Sahilin anası bu gün övladından qürurla danışır. Deyir ki, o uşaqlıqdan zəhmətkeş olub, bizim sağ əlimiz idi. Sahil həm də Vətənini, bayrağını çox sevirdi. Bütün şəhidlərin ruhu şad olsun. Vətən sağ olsun...

Şəhidlər ölməz, Vətən bölünməz!

Bu gün 18 yaşında tarix yazan Sahil Babayevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Sahil balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər