AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına müvafiq olaraq Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Şuşanın tarixindən bəhs edən akademik 30 il müddətində şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər olduğunu və nəhayət 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın başçılığı ilə Şanlı Azərbaycan ordusunun bu üzgünlüyə son qoyduğunu bildirib: “Bu böyük qələbəyə görə Şəhidlərimizə, Qazilərimizə borcluyuq”.
Elm Tarixi İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Şuşa İli”nə töhfə olaraq Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitab layihəsindən danışıb. Professor qeyd edib ki, qururvericidir ki, kitab ilk dəfə ictimaiyyətə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında təqdim edilib. Elm Tarixi İnstitutunda “Şuşa İli” ilə bağlı görülən digər işlər haqqında da məlumat verən Məryəm Seyidbəyli “Yusif Vəzir Çəmənzəminli və onun “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabı” məruzəsini təqdim edib.
ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin moderatorluğu ilə davam edən konfransda Elm Tarixi İnstitutunun baş elmi işçisi akademik Validə Əlizadə, A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova, Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, Şimali Kipr Respublikasının Şərqi Akdeniz Universitetinin beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru İsfəndiyar Həşimov, Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, şöbənin baş mütəxəssisi Nigar Əhmədli, AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı tarix elmləri doktoru, dosent Emin Şıxəliyev məruzələrlə çıxış ediblər.
Konfransda Azərbaycan diaspora nümayəndələrindən İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy, diaspor məsələləri üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Yahya Babanlı da iştirak edərək, mövzu ətrafında fikirlərini bildiriblər.
Şuşanın tarix, görkəmli şəxsiyyətlər, milli-mənəvi və sosial-mədəni irs, ekomühit, iqlim xüsusiyyətləri, ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırıldığı konfrans sual və müzakirələrlə davam edib.
Qeyd edək ki, xarici ölkələrdən də iştirakçıların qatıldığı konfransa müvafiq olaraq tezis və məqalələr də təqdim edilib. Bütün məqalələr konfrans materialları olaraq nəşr ediləcək. (AZƏRTAC)