22.11.2024, 10:08
AZ EN
27.04.2023, 15:56 168

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-də “Heydər Əliyevin 100 illiyi” çərçivəsində tədbir keçirilib

XƏBƏRLƏR
  • Bu gün "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin zalında “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib. Milli Məclis üzvlərinin, tanınmış politoloqların və Kəlbəcər rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov bildirib ki, hər zaman azərbaycanlı olması ilə fəxr edən və ömrünü Azərbaycan xalqının rifahına, inkişafına həsr edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev bu müqəddəs amal uğrunda əzmlə çalışıb, Azərbaycanı düşdüyü ən ağır bəlalardan, böhranlardan xilas edərək ona qurtuluş yolu açıb, xalqımızın işıqlı gələcəyi naminə ömrünü şam kimi əridib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində torpaqlarımızı işğaldan azad edərək böyük qayıdışı gerçəkləşdirən xilaskar lider İlham Əliyev bununla həm də müqəddəs ata nəsihətini yerinə yetirərək Ulu Öndərin ruhunu şad edib.

Millət vəkili Aydın Hüseynov bildirib ki, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtuldu, həmin dövrdə Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Millət vəkili Emin Hacıyev qeyd edib ki, Dövlət müstəqilliyi uğrunda mübarizə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu yöndə əsas fəaliyyət Heydər Əliyevin Azərbaycana qayıdışından sonra baş verdi. Bütün bu tarixi faktlar bir daha göstərir ki, Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin bərpasında böyük və danılmaz fəaliyyəti və əməyi olmuşdur. Bu gün müasir, güclü, davamlı inkişaf edən Azərbaycan ulu Öndər Heydər Əliyevin şah əsəridir! Ümummilli liderin möhkəm ideoloji əsaslara söykənən siyasi xətti 2003-cü ildən sonra Azərbaycanın qüdrətli lideri, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərov söyləyib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında ölkəmizin maraqları naminə praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Zəfər zirvəsinə yüksəlib.

Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Vəliyəddin İsmayılov, əməkdar Jurnalist, şair, türkoloq Adil Cəmil və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə ətraflı danışaraq onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq.

Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, dövlət başçısının Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Ümummilli Liderin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ən böyük uğurlarımızdan biri Ulu Öndərin yaratdığı möhtəşəm əsaslar üzərində onun Qarabağın xilas edilməsi arzusunun gerçəkləşməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Ölkəmiz Prezident cənab İlham Əliyevin liderliyi ilə sosial-iqtisadi göstəricilərinə görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Əminliklə deyə bilərik ki, Heydər Əliyev yoluna sədaqət, bu yoldan dönməzlik Azərbaycanı daha böyük uğurlara, nailiyyətlərə aparacaqdır. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, sadəcə, Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək, bu il həm də Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın tarixinə mühüm hadisələrlə, yeni qələbə və nailiyyətlərlə dolu bir il kimi yazılacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR