23.12.2024, 10:38
AZ EN
25.04.2023, 15:31 337

2023-cü ilin Milli Muğam Müsabiqəsi

XƏBƏRLƏR
  • “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Bu müdrik kəlamların müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin dediyi kimi, yüksək mədəniyyət xalqı dünyada təmsil edən, onu yaşadan ən vacib amillərdən biridir. Bu baxımdan Azərbaycan muğamı nəinki xalqımızın, həm də dünya musiqi xəzinəsinin bir incisi hesab edilir. Muğam elə bir aləm, elə sehrli dünyadır ki, hətta dilimizi bilməyən əcnəbi millətlərin nümayəndələri də onu heyrətlə dinləyir və sevirlər...

Muğam sənətimizin inkişafı və dünyada təbliği üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını  xüsusi olaraq qeyd etmək lazımdır. M.Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı yaşatmaqla bərabər onu dünyada tanıdır.  

Ötən il Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Şuşada təltif edildi. Azərbaycan muğamı azad Şuşadan dünyaya səs saldı... 

Bu il də aprelin 24-də Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayıb.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.

Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.

Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.

Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.

Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.

Mina RƏŞİD

Oxşar xəbərlər