II Qarabağ müharibəsi başlamamışdan əvvəl dövlət sərhəddinin Tovuz istiqamətində həmin ilin iyulunda baş vermiş düşmən hücumu vaxtı cəbhəyə getməyə cəhd edib. O zaman cəhdi baş tutmasa da, sentyabrda hərbi komissarlığa gedib və nəhayət istəyinə çatıb. Anasına “Birdən şəhid olsam, ağlamazsan ha..!” deyərək halalaşıb yola düşüb. Anasının “A bala, səni ha tərəfə aparırlar?” sualına “Hər yer Vətəndir, ana, hara gedəcəyimizin nə fərqi var?” deyə, cavab verib...
Səsi əvvəl Tərtərdən, sonra Füzulidən gəlib Seymurun. Fürsət tapan kimi zəng edirmiş. Anası Nüşabə Mehdiyeva deyir: “Seymur gedəndən yuxum ərşə çəkilmişdi. Hər zəngində mənə təsəlli verir, elə hey, “özünə yaxşı bax, ana”, deyirdi. “Qoy qayıdım gəlim. Səni tanımayanlar da “Seymurun anası” deyə tanıyacaqlar. “Burda düşmənin başını əzə-əzə irəli gedirik”. Sən demə, balam məni şəhid olub tanıdacaqmış, deyir anası...
Seymurun atası hələ də özünə gələ bilmir. Deyir, elə bil özü, yüyürə-yüyürə Şəhid olmağa getdi...
Seymurun əsas döyüş yolu Füzulidən keçib. Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı və digər kəndlərin alınmasında top atəşləri ilə erməniyə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib. Burada olanda ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Oktyabrın 24-də yenə anasına zəng edib, atası ilə, qardaşı ilə də danışıb; ağır döyüşlər getdiyini, ordumuzun qəhrəmanlığı sayəsində düşmənin hərbi qüvvələrinin pərən-pərən düşdüyünü bildirib. “Biçirik onları, iti qovan kimi qovuruq, qaçırlar qorxaqlar, qaçırlar. Murdar ayaqları bir də bu torpağa dəyməyəcək” - deyib Seymur.
Ertəsi gün, oktyabrın 25-də Mehdiyevlər ailəsinə Seymurun şəhid olması xəbəri çatıb. Dünən ümid, inam dolu gələn o şaqraq səs əbədi susub.
Oktyabrın 26-da Seymur canından əziz bildiyi Vətən torpağına tapşırılarkən, onunla vidalaşmağa gələnlərin sayı-hesabı olmayıb... “Balam məni belə tanıdacaqmış, nə biləydim? Onun məclisinə kimlər gəldi... Tanıdığımız-tanımadığımız yüzlərlə ziyalı... “Oğlunuz fəxrimizdir” – deyə bizə başsağlığı verdilər. Bu bizə qürur verir, əlbəttə”.
Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Seymur Mehdiyev “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilib.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD