24.04.2025, 18:22
AZ EN
19.04.2023, 15:46 278

Tarix üzrə fəlsəfə doktoru: Erməni faşistləri Başlıbeldə ruhi xəstə şəxsi işgəncə ilə öldürüblər

XƏBƏRLƏR

Erməni faşizminin son 105 ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində xalqımız 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirib, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə 2,5 milyon azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlardakı mağaralara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün ərzində gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni silahlı quldurları qadın, uşaq və yaşlıların gizləndikləri yeri müəyyən etdilər. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat ilə düşmənə müqavimət göstərirdilər. Başlıbelin işğalı zamanı erməni faşistləri tərəfindən 27 nəfər qətlə yetirildi.

Bu sözləri tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri Cəbi Bəhramov söyləyib.

O bildirib ki, erməni faşistləri Başlıbel kəndini işğal edərkən İkinci Dünya müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi isə işgəncə ilə öldürüblər. On doqquz qadın, uşaq və qoca isə girov götürülüb. Erməni faşist gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara qaçıb və 113 gün ərzində gizli mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd gün piyada yol gedən 29 nəfər isə 1993-cü il iyulun 22-də Daşkəsən rayonu ərazisinə keçə bilib. Lakin 1 nəfər - Birinci və İkinci Dünya müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd olunub ki, Başlıbel kəndinin sakinləri Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni ediblər. Başlıbel kəndinin 9 nəfər qəhrəman oğlu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. İşğal zamanı kənd sakinlərindən 4 nəfər sağlamlığını itirərək əlil olub.

“Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana fəaliyyət göstərib. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən 2013-cü ildə Başlıbel soyqırımı cinayətindən bəhs edən “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Lakin erməni faşizminin ona qarşı törətdiyi soyqırımı cinayətlərini unutmayan Azərbaycan xalqı 2020-ci il sentyabrın 27–də Vətən torpaqlarını erməni faşist işğalından azad etmək üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə mübarizəyə başladı. 44 gün ərzində gedən müharibə nəticəsində işğal olunmuş bütün Azərbaycan torpaqları, o cümlədən Kəlbəcər və rayonun Başlıbel kəndi işğaldan azad edilərək bütün soyqırımı qurbanlarının qisası alındı. Xalqımız soyqırımı qurbanlarını heç zaman unutmayacaq”, - deyə C. Bəhramov əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər