19.06.2025, 06:29
AZ EN
17.11.2022, 17:03 486

Milli Məclis 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

XƏBƏRLƏR
  • Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib.

Qanun layihəsi parlamentin noyabrın 16-dan 18-dək keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində müəyyən edilir.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 30 720 700,0 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin edilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 3,0 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsində 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

2023-cü ilin dövlət büdcəsi də sosialyönümlü olaraq proqnozlaşdırılıb və bunun üçün büdcədən 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,2 faiz çoxdur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər