26.01.2026, 12:39
AZ EN
26.01.2026, 10:47 137

Pensiya kapitalı nə qədər artırılacaq? Rəsmi rəqəm elan olundu

XƏBƏRLƏR
  • 2026-cı ildən vətəndaşların pensiya kapitalında növbəti artım gözlənilir. Mövcud qanunvericiliyə əsasən, pensiya kapitalı hər il inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir və bu artım rəsmi statistik göstəricilər əsasında müəyyənləşdirilir.

“Əmək pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qanunun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Deputatın sözlərinə görə, bu o deməkdir ki, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun artırılacaq. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz təşkil edib. Nəticə etibarilə, vətəndaşların 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılacaq.

Məsələn, əgər vətəndaşın pensiya kapitalı 40 min manatdırsa, bu məbləğə 2 min 240 manat əlavə olunacaq və nəticədə pensiya kapitalı 42 min 240 manata yüksələcək.

Vüqar Bayramov əlavə edib ki, pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı yaxın günlərdə Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamın imzalanacağı gözlənilir. Sərəncamdan sonra istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Deputat qeyd edib ki, pensiya kapitalının indeksləşdirilməsi əsasən yığılan vəsaitlərin inflyasiyadan qorunması məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərin real dəyərinin saxlanılması və qiymət artımlarının təsirinin minimuma endirilməsidir.

"Eyni zamanda, pensiya kapitalının artırılması ilə əmək pensiyalarının artırılması eyni anlayış deyil. Pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun indeksləşdirildiyi halda, əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə əsasən yüksəldilir. Belə ki, pensiya kapitalında artım 5.6 faiz olduğu halda, 2026-cı ildə əmək pensiyalarının təxminən 9.2 faiz artacağı gözlənilir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər