Bu barədə deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, 1993-cü il işğalınadək bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Şərqi Zəngəzur ilə yanaşı, Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin tezliklə bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır.
Deputat diqqətə çatdırıb ki, dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir: “Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130 min 939 ev, 7 min ictimai bina, 1025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək, o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək. Digər tərəfdən, uzun müddət işğal altına qalan ərazilərimizdə minaların sayının kəskin çox olması prosesə təsir edən faktorlardandır. Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də, məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq”. (AZƏRTAC)