25.12.2024, 04:51
AZ EN
24.12.2024, 15:33 228

Qarabağda biznes imkanları: tikinti, sənaye, turizm...

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə biznes layihələri həyata keçirmək istəyən xarici investisiyalı şirkətlər arasında Türkiyə və Macarıstandan olan iş adamları daha çox üstünlük təşkil edir. Təkcə bu il ərzində Macarıstandan 100-ə yaxın belə müracət daxil olub. Qardaş Türkiyənin Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyəti iləı məşğul olmaq üçün müraciət edən şirkətlərinin sayı isə 110-u ötüb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) statistik məlumatları əsasında aparılan hesablamalar belə deməyə əsas verir. “Vətən səsi” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA əvvəlki illərlə müqayisədə bu il Qarabağ və Şərqi Zəngəzurda biznes layihələrinin dəstəklənməsi və investisiya axınının təşviqi işinə daha çox diqqət ayırıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək məqsədilə qeydiyyatdan keçmiş yerli və xarici şirkətlərin sayı 3000-dən çoxdur. Diqqət çəkən mühüm amillərdən biri də odur ki, rəsmi müraciət etmiş biznes qurumları arasında yerli investisiyalı şirkətlər üstünlük təşkil edir.

Xarici şirkətlə gəlincə, Türkiyə və Macarıstanla yanaşı İtaliya, Serbiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Polşa, İran, Rusiya, ABŞ, Çin, şirkətləri də Qarabağda biznesə maraq göstərir. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Müraciətlərin böyük əksəriyyəti isə tikinti, sənaye, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir.

Yeri gəlmişkən bir neçə gün əvvəl Türkiyənin biznes qurumlarının təmsilçiləri ilə Bakıda mühüm görüş keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) keçirilən görüşdə Qarabağda investisiya mühiti və biznes qurmaq imkanlarına dair geniş müzakirələr aparılıb. Türkiyənin məşhur OSTİM Tibb Sənayesi Klaster Dərnəyinin rəhbərliyi Qarabağ və Şərqi Zəngurda bərpa işləri və mərhələli qayıdış planları ilə maraqlanıb.

Xatırladaq ki, İşğaldan azad olunmuş ərazilərdə işləyən hüquqi və fiziki şəslərə bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda biznes mühitinin dəstəklənməsi və həmin ərazilərdə məşğulluğun təmin edilməsi məqəsdilə Vergi Məsəlləsinə ayrıca fəsil əlavə edilib. 2023-cü ilin yanvarından qüvvəyə minən dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri bilavasitə həmin bölgədə fəaliyyət göstərən bütün sahibkarlara, o cümlədən VÖEN əsasında kiçik bizneslə məşğul olan fiziki şəxslərə də şamil edilir. Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Həmin güzəştlər biznes qurumları ilə yanaşı turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir.

Elxan SALAHOV

Oxşar xəbərlər