"Tərtər" yarımstansiyasından Suqovuşana və Talış kəndinə izolyasiyalı elekttik xətti çəkilib. "Azərişıq" ilk dəfə bu yeniliyi işğaldan azad edilmişərazilərdə tətbiq edib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu "Trend"ə bu barədə məlumat verərək deyib ki, ənənəvi xətlərdə 30-40 metr enində mühafizə zolağı olur. Yeni xəttin mühafizə zolağı 3-6 metrə qədərdir. Bu da min hektarlarla torpaq sahəsinin əkin üçün istifadəsinə imkan yaradır.
"Eyni zamanda, ənənəvi xətlərdə qeyri-sabit hava şəraitində açılmalar olur. Amma burada demək olar ki, açılmalar sıfıra bərabərdir. Bir çox yerlərdə yay aylarında müəyyən yanğınlar olur. Bu xətlərdə təhlükə yenə də sıfıra bərabərdir. İtkilərə gəlincə, ənənəvi xətlərdə 10-12 faizə qədər itki olur. Amma izolyasiyalı xətlərdə itkilər demək olar ki, 3-4 faizə qədər azalır. Təbii ki, bu iqtisadi rentabelliyi nəzərə alaraq, cənab Prezident "Azərişıq" rəhbərliyinə belə bir tapşırıq verdi ki, Bakı şəhərində də 35 kilovoltluq belə izolyasiyalı xətlərdən istifadə olunsun. Biz də "Azərişıq" olaraq məhz bunun üzərində işləyirik. Yaxın vaxtlarda Bakı şəhərində də belə müasir innovativ yeniliyə əsalanan yüksəkgərginlikli xətləri görə biləcəyik".
Xatırladaq ki, Novruz bayramı ərəfəsində "Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda iştirak ediblər.