18.06.2025, 23:08
AZ EN
06.02.2024, 14:46 343

Məşhur şirkətlər qrupu Qarabağa 200 milyon manat sərmayə qoyacaq

XƏBƏRLƏR
  • Azərbaycanın daha bir nüfuzlu şirkəti işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirak etməyə hazırlaşır. Söhbət 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupundan gedir.

"Vətən səsi" xəbər verir ki, şirkət işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı üçün sərmayə planlarını da açıqlayıb. Bu məqsədlərə ümumilikdə 200 milyon manatadək sərmayə yatırmağı planlaşdırır. Layihələr regionun inkişafı, yaşıl enerji təminatı, eləcə də iqtisadi və sosial həyatın canlandırılması, yerli əhali üçün iş yerlərinin və təhsil imkanlarının yaradılması istiqamətlərində Azərbaycan dövlətinin apardığı genişmiqyaslı işlərə və bu xüsusda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və inkişafı səylərinə dəstək məqsədi daşıyacaq.

Holdinqin Baş direktoru Yusif Cabbarov bildirib ki, təklif olunan sərmayə planı şirkətin səhmdarı tərəfindən artıq təsdiq edilib. O, Azərbaycanda mövcud pozitiv iqtisadi dinamika, yaradılmış münbit biznes şəraiti, azad edilmiş ərazilərdə sərmayə yatırmaq üçün özəl biznesə təqdim edilən imkanları və göstərilən dəstəyi yüksək qiymətləndirir: "Dövlət başçısına özəl sektorun işğaldan azad edilmiş ərazilərə sərmayəçi qismində dəvət etməsinə görə dərin təşəkkürümüzü bildiririk. Hesab edirik ki, dövlət tərəfindən regionun infrastrukturunun bərpası və keçmiş məcburi köçkünlərin qısa zamanda qayıdışı üçün mühüm işlər həyata keçirilir. Biz də özəl sektoru təmsil edən holdinq olaraq dövlətin bu istiqamətdə olan fəaliyyətini dəstəkləyərək regionun iqtisadi inkişafına töhfə vermək əzmindəyik. Biz regionun inkişafına dəstək olmaq missiyasını özümüzə mənəvi borc kimi görürük".

Tərəfdaşlarınıı və digər maraqlı tərəfləri bu məqsəd ətrafında səylərini birləşdirməyə, əməkdaşlığa dəvət edən Yusif Cabbarov əlavə edib ki, holdinqin sərmayə planlarına informasiya texnologiyaları təmayüllü məktəbin, Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşası, telekommunikasiya infrastrukturunun bərpası və inkişafı və regionun füsunkar təbiətinə qayğı ilə yanaşan ekoloji cəhətdən məqbul bir sıra digər layihələr daxildir. Bu layihələr Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə uyğun dayanıqlı inkişaf məqsədlərini də dəstəkləyəcək.

"NEQSOL Holding"in tərkibinə daxil olan “Nobel Energy” Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşasını planlaşdırır. Layihə regionun yaşıl enerji zonasına çevrilməsi məqsədlərinə də xidmət edəcək. Ümumi gücü 100 meqavat olan layihənin icrası nəticəsində ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur, bu isə orta hesabla 58.000-ə yaxın evi elektrik enerjisi ilə təmin edəcək. Stansiyanın tikintisi zamanı 600 nəfərin, istismara verildikdən sonra isə 80 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Holdinqin tərkibindəki “Bakcell” və “Azerconnect” şirkətləri də işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələr həyata keçirir. Artıq “Bakcell” şirkəti regionda 120-dən çox baza stansiyası, 3 xidmət mərkəzi və 1 mağaza istifadəyə verib, müasir səs texnologiyası olan VoLTE xidmətini müştərilərə təqdim edib. “Bakcell” regionda xidmət mərkəzlərinin sayını 10-a çatdırmağı planlaşdırır. “Azerconnect” telekommunikasiya infrastrukturunun yaradılması və inkişafına sərmayələrini daha da artıracaq, eləcə də bu işlər sayəsində regionda əlavə 100-dək daimi iş yeri yaradacaq.

"NEQSOL Holding" keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üçün korporativ sosial məsuliyyət layihələri də həyata keçirir. Holdinq və şirkətləri bu istiqamətdə təhsil, səhiyyə, sosial rifah, ətraf mühitin qorunması və sair sosial və ianə layihələrinə son illərdə 10 milyon manat yönəldib və bu işləri davam etdirəcək.

Gənclərin regiona qayıdışına əlavə dəstək, onlar üçün innovativ sahələrdə iş yerlərinin yaradılması və yeni startap layihələrinin həyata keçirilməsi üçün NEQSOL Holding regionda informasiya texnologiyaları (İT) təmayüllü məktəb və innovasiyalar mərkəzi yaratmağı planlaşdırır. Gənclər İT təmayüllü məktəbdə təhsil ala, innovasiyalar mərkəzində isə startap layihələrini həyata keçirə biləcəklər, bu isə sərmayə qoyulacaq yeni sahələrin və iş yerlərinin yaradılması baxımından vacibdir.

Layihələrin tənzimləyici dövlət qurumları ilə müvafiq qaydada razılaşdırdıqdan sonra icrasına başlanılacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər