19.10.2024, 09:28
AZ EN
09.01.2024, 17:49 337

Zəngəzur dəhlizi regionun nəqliyyat infrastrukturunun şah damarına çevrilir

XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannamə ilə Naxçıvana avtomobil və dəmir yolunun açılması barədə razılıq əldə olunub. Müharibədən sonra Azərbaycan dərhal öz ərazisindən Ermənistan sərhədinə qədər uzanan avtomobil və dəmir yollarının tikintisinə başladı. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir və avtomobil yolu işləri sürətlə davam etsə də, Ermənistan hələ də bununla bağlı heç bir addım atmayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyinin yaydığı məqalədə bildirilir. Qeyd olunur ki, Ermənistanla olmasa da alternativ yollar üzərində işləyən Azərbaycan ölkəni İran üzərindən Naxçıvana birləşdirəcək avtomobil və dəmir yollarının çəkilişi ilə bağlı Tehranla razılığa gəlib. Belə ki, iki ölkə arasında imzalanmış müqaviləyə uyğun olaraq, Araz çayı üzərində avtomobil və dəmir yolu körpüləri tikiləcək, İran üzərindən Naxçıvana daşınmalar təmin ediləcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın həm bu ölkə, həm də İran vasitəsilə Naxçıvana iki nəqliyyat alternativi olacaq.

“Andolu” agentliyinin əməkdaşı Zəngəzur dəhlizinə qədər uzanan Azərbaycan ərazisində çəkilən avtomobil və dəmir yolu şəbəkəsində aparılan işlərlə tanış olub. Bildirilir ki, Füzuli rayonunun Horadiz qəsəbəsindən Ermənistanla sərhədə, yəni Zəngilan rayonunun Ağbənd kəndinə qədər uzanan Horadiz-Ağbənd xəttinin tikintisində Türkiyə şirkətləri də fəal iştirak edir. Uzunluğu 110.4 kilometr olan xətdə 9 stansiya və körpülər, avtomobil keçidləri, tunellər və drenaj boruları kimi təxminən 500 tikili var. Horadiz-Ağbənd xəttində layihənin 82 faizi, tikinti işlərinin 45 faizi yerinə yetirilib, 69.7 kilometr uzunluğunda relslər çəkilib. Xəttin hər iki hissəsində 30 metr ərazi minalardan təmizlənib.

Həmçinin Horadizdən Ağbəndə qədər 123.5 kilometr uzunluğunda yeni avtomobil yolu tikilir. Hazırda magistralın 80 faizdən çoxunda tikinti işləri tamamlanıb.

Agentlik qeyd edir ki, işğal dövründə ermənilər tərəfindən dağıdıldığı üçün Horadizdən Ordubada qədər uzanan 166 kilometrlik yeni dəmir yolu xətti çəkiləcək. Xəttin Ermənistana məxsus hissəsindən Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsinin tikintisinə iki ölkə arasında yekun razılaşmadan sonra başlanılacaq.

Naxçıvanın şimalında - Türkiyə, Ermənistan və İrana yaxın ərazidə yerləşən Ordubaddan Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq.

Türkiyə və Azərbaycanın Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi də var. Tenderə çıxarılan layihə üzrə işlərə il ərzində başlanacaq.

Bütün bu layihələr reallaşdıqda Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi təmin ediləcək. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyə ilə Rusiya arasında fasiləsiz quru və dəmir yolu əlaqəsi təmin ediləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər