22.11.2024, 02:38
AZ EN
29.05.2022, 11:00 161

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinin planları açıqlanıb

XƏBƏRLƏR
  • BƏƏ kapitallı şirkət olan “Expert Services FZE” MMAZM tərəfindən Ağdam Sənaye Parkının 1,2 hektarında ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək.

Bunu  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları gələcəkdə bölgənin sənaye potensialının inkişaf etdirilməsində və doğma yurd-yuvasına qayıdacaq soydaşlarımızın işlə təmin edilməsində mühüm rol oynayacaqlar.

"2021-ci ilin 28 mayında dövlət başçısının Fərmanı ilə 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkında işlər mərhələli şəkildə və plana uyğun olaraq həyata keçirilir. Sənaye Parkının ərazisi tam olaraq minalardan və partlamamış sursatlardan təmizlənib, mobil tipli şəhərcik yaradılıb. Mobil şəhərcikdə rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana təşkil edilib, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb", - deyə E.Nuriyev bildirib.

Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, hazırda parkın 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

"Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri həyata keçiriləcək. Yaxın günlərdə Sənaye Parkında infrastrukturun qurulması işlərinə başlanılacaq", - deyə E.Nuriyev bildirib.

Onun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda bir rezidenti var.

"2021-ci ilin 4 oktyabrında yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın ərazisi minalardan tam təmizlənib. Hazırda Sənaye Parkında rezidentlər üçün mobil tipli şəhərciyin qurulması istiqamətində işlər görülür, işlərin yaxın müddətdə yekunlaşdırılması planlaşdırılır. Parka sahibkarlar tərəfindən maraq böyükdür və Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə bir çox layihələr təqdim edilib, bu layihələr hazırda Agentlikdə dəyərləndirilir", - deyə E.Nuriyev əlavə edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR