“Vətən səsi”az xəbər verir ki, qalib şirkət “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi” İctimai Birliyi seçilib. Tender müqaviləsində əhalinin bərpa və yenidənqurmadan sonra doğma torpaqlarına qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulur. Bununla bağlı tədbirlərin təşkili üçün tenderin nəticələrinə uyğun olaraq, qalib seçilən şirkətə 769 085 manat ödəniləcək.
Xatırladaq ki, əhalinin bərpa və yenidənqurmadan sonra doğma torpaqlarına qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması Prezident İlham Əliyevin 16 noyabr 2022-ci ildə sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər siyahısında əsas vəzifələrdən biri kimi müəyyən olunub. Belə ki, Dövlət Proqramının tələblərinə uyğun olaraq, bu cür icmalar doğma yurduna qayıdacaq məcburi köçkünlərlə sıx təmasda olmalı, onların məşğulluq, sağlamlıq, təhsil və digər sosial qayğılarının öyrənilməsi ilə bağlı proqramlar hazırlamalı və toplanmış təklifləri ümumiləşdirilmiş şəkildə aidiyyəti dövlət qurumlarına təqdim etməlidir. Dayanıqlı icmaların yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə yaşayacaq məcburi köçkünlərin icma halında ölkənin iqtisadi strukturuna inteqrasiyasını asanlaşdırmaqdır.
Elxan SALAHOV