Bu barədə “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında gözlənilən nəticəyə nail olmaq üçün müasir infrastrukturlarla yanaşı, sahibkarlıq fəaliyyətinə də ciddi dəstək göstərilir. Bütün bunların nəticəsi olaraq bu ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan daxil olan müraciətlərin 65,2 faizi yerli, 34,8 faizi isə xarici investorlardır: “Xarici investorlar sırasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiya üstünlük təşkil edir. Xarici investorların cəlb edilməsi məqsədilə Vergi Məcəlləsinə də dəyişikliklər edilib. Belə ki, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilirlər”.
F.Bayramov xatırladıb ki, sözügedən ərazilərdə nəqliyyat infrastrukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastrukturu ilə birləşdirilir. Bu regionda xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək yekunlaşması nəzərdə tutulur.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan “Ağdam” Sənaye Parkında mindən çox yeni iş yerinin yaradılması gözlənilir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınına və sahibkarlığın inkişafına səbəb olacaq. Bu isə öz növbəsində həmin ərazilərin qısa zamanda sosial-iqtisadi inkişafına gətirib çıxarmaqla, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək. (AZƏRTAC)