Hesabatda qeyd edilir ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və ehtiyat fondlarından ayrılmış 343,9 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində (2020-ci illə müqayisədə 1,0 faiz-bənd çox) və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 460,1 milyon manat və ya 10,4 faiz çoxdur.
2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4541,6 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da 4579,0 milyon manat proqnoza nisbətən 37,3 milyon manat və ya 0,8 faiz az, 2020-ci illə müqayisədə isə 786,5 milyon manat və ya 20,9 faiz çoxdur. Bu xərclər ÜDM-in 4,9 faizini, dövlət büdcəsi xərclərinin isə 16,6 faizini (2020-ci illə müqayisədə 2,4 faiz-bənd çox) təşkil edib.
Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər (2100,0 milyon manat) istisna olmaqla, müdafiə və milli təhlükəsizlik orqanlarının saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsindən 2441,6 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 286,5 milyon manat və ya 13,3 faiz çoxdur. Artım əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan Respublikası ilə dövlət sərhədində və Qarabağ bölgəsində sülhməramlılarla təmas xəttində xidmət edən hərbi qulluqçularına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin, onlara aylıq vəzifə maaşlarına müddətli əlavənin və digər zəruri xərclərin (qeyri-yaşayış binalarının tikintisi, əsas fondların və digər aktivlərin saxlanılması, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması və sair xərclər), habelə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində İran İslam Respublikası ilə 132 km və Ermənistan Respublikası ilə 193,1 km uzunluğunda dövlət sərhədlərinin mühafizəsinin təşkil edilməsi üçün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üzrə müddətli aylıq əlavənin verilməsi və komplektləşdirmə işlərinin həyata keçirilməsi, həmçinin hərbi qurumların maddi-texniki bazasının daha da gücləndirilməsi ilə bağlı zəruri xərclərin qarşılanmasına yönəldilib.
Bununla yanaşı 2021-ci ilin dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan (273,6 milyon manat) və dövlət büdcəsinin ehtiyat fondundan (19,8 milyon manat) müdafiə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarının maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün üst-üstə 293,4 milyon manat məbləğində vəsait ayrılıb.
2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 8,3 milyon manat təşkil eDİB ki, bu da 2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 35,8 faiz çoxdur. (APA)