Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir zavodda görülmüş işlər, bu günədək icra edilmiş və potensial layihələrlə tanış olub.
Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı gəmiqayırma zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsal gücünün artırılması planları ilə bağlı təqdimatlar edilib, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb.
Eyni zamanda, zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb olunması, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpaolunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.
Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.
Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub. (AZƏRTAC)