30.04.2025, 03:24
AZ EN
06.06.2023, 07:00 463

Məcburi köçkünlərin əməkhaqqına vergi güzəştlərinin HESABLANMA QAYDASI

XƏBƏRLƏR
  • Azərbaycan hökuməti kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması imkanını nəzərdən keçirir. Hələlik təkliflər şəklində olan dəyişikliklər kiçik və orta sahibkarlığa dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması məqsədi daşıyır. Bildirilir ki, nəzərdə tutulan güzəştlər kiçik və orta sahibkarlıq subyektlərinin yalnız mənfəət və gəlir vergilərinə şamil olunacaq. Belə ki, yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur.

Mövcud qanunvericiliyinə görə, hazırda Azərbaycanda məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə bəzi vergi güzəştləri tətbiq edilir. Məsələn, sahibkarlıq subyekti kimi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan məcburi köçkünlər torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır.

Məcburi köçkünlərə şamil edilən bu cür imtiyazlar arasında vergi və əməkhaqqı ödənişi ilə bağlı güzəştlər də var. Bu, Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri, habelə Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı” ilə tənzimlənir.

Dövlət Vergi Xidmətinin mətbu orqanı olan “Vergilər.az” saytının 3 mart 2023-cü il tarixdə yaydığı məlumatda deyilir ki, məcburi köçkün statusu olan fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat, üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Beləliklə, məcburi köçkün statusu olan fiziki şəxsin muzdlu işdən əldə etdiyi aylıq gəlir 2500 manatadək olduqda 300 manat (200 + 100) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi hesablanır.

Xatırladaq ki, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir. Yəni, bu təbəqədən olan muzdlu işçilər Dövlət Komitəsi tərəfindən onlara verilmiş “Məcburi köçkün vəsiqəsi”ni iş yerinə təqdim etdiyi halda əməkhaqqı üzrə vergi güzəştlərindən istifadə etmək hüququ qazanır.

“Muzdlu iş” dedikdə əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyəti, “muzdlu işçi” isə fiziki şəxs kimi həmin fəaliyyəti yerinə yetirən işçi nəzərdə tutulur.
E.Salahov

Oxşar xəbərlər