Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bununla bağlı “Real TV”yə müsahibəsində bildirib ki, Azərbaycan Avropanın, o cümlədən Bolqarıstanın, Rumıniyanın, 2023-cü ildə isə artıq Macarıstanın və Slavakiyanın enerji təhlükəsizliyinin formalaşmasında həmrəylik nümayiş etdirəcək. Əvvəlki dövrlərdə Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasına töhfə vermişdi. Və nəzərə alsaq ki, Cənub Qaz Dəhlizindən istifadə edən ölkələrin sayı 6 olaraq müəyyənləşmişdi, amma son danışıqlarda anlaşmalar, “Həmrəylik halqası” Azərbaycan qazından istifadə edən Avropa ölkələrinin sayının 10-a qədər yüksəlməsinə gətirib çıxaracaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu son deyil və gözlənilir ki, Azərbaycanın mavi qazından Avropada daha çox ölkələr istifadə edəcəklər”.
Anlaşma Memorandumu Cənub Qaz Dəhlizi sayəsində 2 ildən artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təhcizatında strateji rol oynayan ölkədən, Azərbaycandan təbii qazın alternativ marşrutla əlavə bazarlara çıxışını təmin edəcək.
Təsadüfi deyil ki, bu gün ölkəmizin iştirakı olmadan regionda heç bir layihə reallaşmır. Bakı Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə və ya sazişlərə imza atıb. Bu o deməkdir ki, Avropa İttifaqının üzv dövlətinin 3/1-i ölkəmizin strateji tərəfdaşıdır və əməkdaşlığın güclü perspektivləri var.
“Azərbaycan təbii ki, regionun təhlükəsizliyinə töhfə verən ölkələrdəndir. Amma eyni zamanda, xüsusilə Avropa İttifaqına üzvü olan ölkələrin Azərbaycanla strateji müttəfiqliyinin olması və strateji olaraq Azərbaycanın haqq işinə dəstək olmasıolduqca vacibdir. Eyni zamanda Azərbaycan Avropa ittifaqı ilə strateji tərəfdaşlıq sazişinin nəzərdə tutulan fəaliyyətinin təxminən 95 faizi razılaşdırılıb, bu isə o deməkdir ki, Avropa İttifaqı ilə də strateji tərəfdaşlıqla bağlı saziş imzalayacaq və bütün bunların fonunda Avropa İttifaqı ilə strateji tərəfdaşlığımızın gücləndirilməsi bütövlüklə Azərbaycanın regional mövqeyinə müsəbət təsir göstərir və Azərbaycanın regional məsələlərində rolunun və mövqeyinin artırılması və gücləndirilməsi baxımından vacibdir” .
Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana bölgə və ərtaf regionların iqtisadiyyatların mənzərəsini dəyişmək imkanı yaratmaqla bərabər, həm də onu yeni zirvələrə daşıyır. Sözsüz ki, bu, Prezident İlham Əliyevin güclü iradəsi sayəsində baş verir. Bolqarıstanda imzalanan Anlaşma Memorandumundan sonra rəsmilərin çıxışları da bunu deməyə əsas verdi. Tədbirdə səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib və Avropanın enerji bazarında Azərbaycan təbii qazına tələbat durmadan artır.
Hazırladı: Tahirə AĞAMİRZƏ