Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, İranın siyasəti bölgədə sülh və təhlükəsizlik üçün mənfi tendensiya yaradır:
“Bütün hallarda İranın Ermənistanı müdafiə etməsi, ona dəstək verməsi, xüsusilə 44 günlük vətən müharibəsindən sonra yaranmış vəziyyətdə İran tərəfinin orada gedən proseslərə mənfi istiqamətdə cəhdlər göstərməsi yolverilən deyil”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələlərlə əlaqədar mövqeyini birmənalı şəkildə ifadə edib:
“Azərbaycan bölgədə sülh və əmin-amanlıq istəyir.
İşğal olunmuş ərazilər azad edildikdən sonra sülh müqaviləsi imzalamaq istəyir. O cümlədən müharibə başa çatdığı zaman imzalanmış noyabr sazişindən irəli gələn vəzifələrin yerinə yetirilməsini istəyir. İran isə bu məsələlərlə əlaqədar maneələr törədir. İran açıq-aşkar Ermənistanın revanşist dairələrini himayə edir, onlara kömək edir”.
Sədr son günlər Ermənistanın etdiyi təxribatlara da diqqət çəkib:
“Bu hadisələr onu göstərir ki, onlar tərəfdəki revanşist dairələr sülh prosesinə ciddi mane olmaq istəyir. Bundan ən böyük ziyanı Ermənistan çəkəcək. İranın Azərbaycan əleyhinə yönələn siyasəti onun özü üçün sosial-iqtisadi istiqamətində ziyanlı nəticələr verəcək. Anti-Azərbaycan siyasəti bumeranq olaraq İranın özünə qayıdacaq. Azərbaycan ədalətli tərəfdir. Ədalətli tərəfin də hər zaman qalib gələcəyi bəllidir. İranın Azərbaycan daxilində din pərdəsi adı altında gizlənərək təşviqata yön verməsi, təxribatlara cəhd etməsi qəbuledilməzdir və qətiyyətlə pislənilir”. (Report)