12.10.2024, 14:15
AZ EN
12.04.2023, 19:55 194

Ermənistan son təxribatlarla şərti sərhəddə xarici qüvvələrin yerləşdirilməsinə nail olmaq istəyir

XƏBƏRLƏR
  • Ermənistan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun onlara yaşatdığı acı məğlubiyyətdən dərs çıxarmayaraq təxribatlarını davam etdirir. Ermənistan tərəfi yenə kimlərəsə güvənib sülh prosesindən yayınır, müharibəni alovlandırmağa çalışır. Onlar sülh prosesində də görüntü yaratmaq üçün iştirak edirlər. Amma əsl məqsədləri Azərbaycanın ərazi bütövlüyünü tanımamaqdır. Yəni, 30 ildə olduğu kimi, Ermənistan anneksiya siyasətini bu gün də davam etdirir.

Bu fikirləri açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, kimin əlinin kimin cibində olması bəlli olmayan Ermənistan bu təxribatlarla şərti sərhəddə xarici qüvvələrin yerləşdirilməsinə nail olmaq istəyir. Avropa İttifaqı missiyası üzvlərinin sayının az olması barədə Ermənistan rəhbərliyinin fikirləri tez-tez səslənir. Ona görə də ermənilər köhnə variantlarına əl ataraq təxribatlar törədirlər ki, Azərbaycanı günahlandırıb, bölgəyə əlavə və digər hərbi qüvvələrin göndərilməsini istəsinlər.

"Azərbaycan Silahlı Qüvvələri hazırda 2020-ci ildəkindən daha güclü və təcrübəlidir. İndi ən müasir silahlar, texnikalar Silahlı Qüvvələrimizin balansına verilib, müxtəlif təyinatlı yeni hərbi birləşmələr və dəstələr yaradılıb. Eyni zamanda, ərazidə bir çox yüksəkliklərə nəzarət bizdədir, Ordumuz Ermənistanla şərti sərhəddədir. Yəni, baş verə biləcək müharibə bu dəfə Ermənistan ərazisindəki hərbi qüvvələri və bazaları legitim hədəf halına gətirəcək",- deyə Y. Hacızadə vurğulayıb.

Politoloqun fikrincə, Ermənistan və onun havadarları bilməlidirlər ki, 44 günlük müharibədən sonra yaranan vəziyyət beynəlxalq hüquqa uyğun tərzdə, Azərbaycanın istədiyi şəkildə olacaq. Azərbaycan dövləti, Silahlı Qüvvələri və xalqı Ermənistanın təxribatlarının qarşısını alacaq gücdədir, bunun uzun müddət davam etməsinə imkan verilməyəcək.("AZERTAC")

Oxşar xəbərlər