“Bu gün dünyada ciddi qütbləşmə gedir, bölgədə və dünyada böyük qarşıdurma, müharibə riski var. İndi axmaqlıq və sadəlöhvlük göstərmək olmaz. Bizim xalqımızda tarixən belə bir tendensiya var: düzgün hesab aparmamaq. Emosiyalarla düşünür, nağıllara inanırıq. Biz 1920-ci illərdə Qarsı, Ağrıdağı, Qarabağı itirmişik. İndi isə hər şeyi itirə bilərik. Emosiyalarla düşünmək, nağıllara inanmaq bizə böyük faciələr gətirib çıxara bilər”. Bunu Stenford Universitetinin (ABŞ) siyasi elmlər üzrə professoru Artur Xaçikyan “168.az” erməni xəbər portalının “Youtube” kanalına müsahibə verərkən deyib.
ABŞ-nin dövlət katibi E.Blinkenin Azərbaycanı İrandan qorumaq barədə bəyanatına münasibət bildirən A.Xaçikyan deyib: “Göründüyü kimi, onlar Azərbaycana kömək edirlər, biz isə hesab edirdik ki, məxməri inqilab demokratik dünyanın bizə köməyinə təminat yaradır. Bu strategiya tamamilə iflasa uğrayıb. Belə çıxır ki, bizi müdafiə edən İrandır. İranı – Qərb demokratiyası adlandırmaq cəfəngiyyatdır. İran, qismən də Rusiya bizi müdafiə edir – biz bunu istəmirik, bundan imtina edirik. Bizim ittifaqda olmaq istədiyimiz dövlətlər isə düşmənimizə kömək dururlar. Bu ya səriştəsizlikdir, ya da sadəcə bir proqramdır: Ermənistanı təhvil vermək planıdır”.
Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsinə erməni siyasətşünasın münasibəti belə olub: “Onlar özləri də etiraf ediblər ki, əgər Azərbaycan qüvvələri Cermuka qədər gəlmək istəsələr, bunun qarşısını ala bilməyəcəklər”. A.Xaçikyan avropalıların Qarabağda “genosid” təhlükəsi ilə bağlı susduqlarını, Azərbaycana heç bir sanksiya tətbiq edilmədiyini də xatırladıb. O, müşahidəçilərin yalnız binokl və blaknotla “silahlandığını” vurğulayaraq, ermənilərin gerçəkliyi görməkdən imtina etdiklərini bildirib. A.Xaçikyan deyib: “Biz görmək istəmirik ki, müttəfiqlərimiz İran və qismən də Rusiyadır. İstəsək də, istəməsək də, belədir. Ayırıcı xətt belədir. Amerika deyir ki, Azərbaycanın tərəfindədir, İsrail də o tərəfdədir. Amerika və İsrail çox böyük strateji tərəfdaşlardır. Böyük Britaniya da ordadı, Türkiyə də ordadır. Bir sıra təhlilçilər belə qənaətdədirlər ki, İran məsələsi təxirə salınacaq. Amma axır-əvvəl bu, olacaq. Amerika və İsrail imkan verə bilməzlər ki, İranın nüvə silahı olsun. Bunu on illərdir deyirlər və edəcəklər”. Erməni siyasətşünasın ehtimalına görə, bölgədə irimiqyaslı silahlı münaqişə gözlənilir və bu zaman Ermənistan nə edəcək bilinmir. O, erməni diplomatiyasının tam iflasa uğradığını, Azərbaycanın isə uğurlu diplomatiya apardığını bildirib.
Bütün bunlarla yanaşı, ABŞ-da siyasətşünaslıq dərsi keçən erməni də “erməni xəstəliyi”ndən əziyyət çəkdiyini gizlədə bilməyib. O da Azərbaycanın Qarabağda “erməniləri genosid edəcəkləri” barədə cəfəngiyyat səsləndirib, bölgədə sülhün, əmin-amanlığın məhz Ermənistanın öz qonşuları ilə normal münasibət qurmasından, torpaq iddialarından əl çəkməsindən asılı olduğunu söyləməyi ağlına gətirməyib.
“Vətən səsi”