Iclası açan Milli Məclisin sədri gündəliyə 20 məsələnin daxil edildiyini bildirib.
Qeyd edilib ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı barədədir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bir bəyanat qəbul edilib. Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etirazını bildirməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahatdır.
“Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik”, - deyən S.Qafarova İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırıb.
Məsələ ətrafında müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Musa Quliyev, Səməd Seyidov, deputatlar Azər Badamov, Nizami Cəfərov, Anar İsgəndərov, Etibar Əliyev, Elşən Musayev, Vüqar İskəndərov, Sabir Rüstəmxanlı, Hikmət Məmmədov, Fəzail Ağamalı çıxış ediblər.
İclasda məsələ ilə bağlı Bəyanatın mətnini hazırlamaq üçün Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimlinin başçılığı ilə parlament komissiyası yaradılıb və komissiya öz işinə başlayıb.
Çıxış edən deputatlar İranın ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil almasının qonşuluq münasibətlərinə sarsıdıcı zərbə vurduğunu, deputat Fazil Mustafaya qarşı terror aktı törədənlərin İranla əlaqələrinin, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücumun, İran rəsmilərinin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanların, İranın ölkəmizin Ermənistanla münaqişənin həllində, xüsusilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqeyinin bizi dövlətlərarası münasibətlərimizə yenidən baxmağa məcbur etdiyini bildiriblər. Onlar İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsinin və özünü dünya müsəlmanlarının hüquqlarının qoruyucusu elan etməsinin isə heç bir siyasi və diplomatik etikaya sığmadığını söyləyiblər.
Vurğulanıb ki, hər hansı bir dövlətdə, o cümlədən İsraildə səfirlik açmaq Azərbaycan dövlətinin hüququdur. İran parlamentinin bu məsələni müzakirə etməyə beynəlxalq hüquq və mənəvi baxımından haqqı yoxdur. Bildirilib ki, İran parlamentinin İsrail Dövlətində səfirliyimizin açılmasına etiraz edən qətnamə qəbul etməsi daxili işlərimizə qarışmaq cəhdidir və bu, Azərbaycan xalqı tərəfindən qətiyyətlə rədd edilir və pislənilir.
Qeyd olunub ki, Azərbaycan güclü dövlətdir, onun müdafiəsi etibarlı əllərdədir, ölkədə dövlət maraqları ətrafında sarsımaz milli birlik mövcuddur. Heç bir düşmən qüvvə ölkəmizin suverenliyini və təhlükəsizliyini təhdid edə, bizim iradəmizi sarsıda bilməz.
Müzakirələrin sonunda deputat Kamran Bayramov İran parlamentinin İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanatın mətnini diqqətə çatdırıb.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra gündəlikdəki qanun layihələrini müzakirəyə çıxaran parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti dörd məsələ ikinci oxunuşda olan qanun layihələridir. Bildirilib ki, gündəliyin ikinci məsələsi "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən parlamentin sədri belə bir mühüm tarixi məqamda Ulu Öndərin yubileyinə həsr olunan medalın təsis edilməsini onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən qiymətin yeni bir ifadəsi kimi dəyərləndirib.
Məsələ ilə bağlı məlumat verən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin birinci oxunuşunda deputatların Prezidentin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təsis edilməsi təşəbbüsünü alqışlarla qarşıladıqlarını, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə dəyərli bir töhfə kimi yüksək qiymətləndirdiklərini bildirib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Sahibə Qafarova deyib ki, gündəliyin növbəti iki məsələsi parlamentə Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə də bir-biri ilə bağlıdır. Bunlar ikinci oxunuşda olan "Prokurorluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə və "Dövlət qulluğu haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələridir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanan qanun layihələri barədə birinci oxunuşda ətraflı məlumat verildiyini bildirib və məsələlərlə bağlı komitəyə hər hansı bir təklif daxil olmadığı üçün layihələrin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri gündəliyin beşinci məsələsi olan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb.
Qanun layihəsi barədə məlumat verən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədin birinci oxunuşunda deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib.
Qanun layihəsinin müzakirəsində komitə sədri Siyavuş Novruzovun, deputatlar Vüqar Bayramovun, Nigar Arpadarainin, Fəzail Ağamalının çıxışlarından sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan 15 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti dörd məsələ Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır.
Qeyd olunub ki, 9-cu məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov və Hüquq şöbəsinin müdiri Natiq Mehdiyev iclasda iştirak edirlər.
Bildirilib ki, 6-cı və 7-ci məsələyə Regional məsələlər komitəsində baxılıb.
Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev deyib ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) mahiyyətcə eynidir.
Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər. Təklif olunan dəyişiklikdəki yeni qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verir.
Elşən Musayev “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinin də eyni məzmunlu uyğunlaşdırma xarakteri daşıdığını bildirib.
8-ci məsələ olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Bildirilib ki, qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb. Belə ki, yarımçıq qalmış obyektlərin tikintisi zamanı bürokratik əngəllərin aradan qaldırılması məqsədi ilə prosedur qaydaları sadələşdirilir. Bundan sonra tikintisi yarımçıq qalan obyektlərin işinin başa çatdırılmasına görə iki sənəd tələb olunacaq. Bunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəddir.
İstismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları və qaydası qanun qəbul olunduqdan sonra təsdiq ediləcək qaydalarla müəyyən olunacaq.
Doqquzuncu məsələ olan "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.
Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər 2023-cü il may ayının 1-dək Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilmədən inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik baxımından müvafiq tələblərə cavab verən bir çox tikinti obyektlərinin istismarına icazə verilməsini və müvafiq şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsini mümkün edəcək.
O deyib ki, eyni zamanda, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilməsi məsələsi də layihədə öz əksini tapıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini açıqlayandan sonra sənədlərin müzakirəsi aparılıb.
Müzakirədə deputatlar Razi Nurullayev, Azay Quliyev, Müşfiq Cəfərov, Elşad Mirbəşir oğlu və Etibar Əliyev çıxış edərək sənədlərlə bağlı fikirlərini bildiriblər.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
S.Qafarova qeyd edib ki, növbəti altı məsələ də Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır.
Vurğulanıb ki, 10-cu, 11-ci və 12-ci məsələlərə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.
Məsələlərlə bağlı məlumat verən komitənin üzvü Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) təklif olunan dəyişikliklərin tikintiyə icazə icraatının optimallaşdırılmasına, bununla bağlı şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsinə, tikintiyə icazə icraatı çərçivəsində hazırlanan müvafiq sənədlərin elektronlaşdırılması səviyyəsinin yüksəldilməsinə xidmət etməsindən danışıb. Həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin dairəsi dəqiqləşdirilir, tikinti, o cümlədən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi sahəsindəki bəzi hüquq normaları təkmilləşdirilir.
N.Həsənov 11-ci və 12-ci məsələlər olan İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrində isə şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə yeni məsuliyyət növlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı müsbət rəyini diqqətə çatdırıb.
Gündəliyin 13-cü, 14-cü və 15-ci məsələləri - birinci oxunuşda olan "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Diqqətə çatdırılıb ki, adıçəkilən qanunlara eyni mahiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmin qanunların müvafiq maddələrinə təklif olunan əlavələrə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə, onların qaz qurğularının qazpaylayıcı şəbəkəyə, habelə su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması qadağandır.
Qanun layihələrinin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlar Emin Hacıyev, Musa Qasımlı, Qüdrət Həsənquliyev çıxış ediblər.
Sonra bu altı qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin 16-cı məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Qeyd olunub ki, qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Bundan əlavə, layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması, habelə adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmə qətnaməsindən çıxarış dərhal "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Vurğulanıb ki, qanun layihəsinin qəbulu sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra bildirilib ki, növbəti məsələ olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.
Məsələ ilə bağlı məlumat verən Nurlan Həsənov diqqətə çatdırıb ki, təklif edilən dəyişikliyə əsasən, notariat hərəkətlərinin aparılması üçün notariusların kommersiya hüquqi şəxslərinin təsisçiləri, onların nizamnamə kapitalındakı payları barədə məlumatlarla yanaşı, həm də kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları da elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə etmək hüququ müəyyən edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
18-ci məsələni - "Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib. Vurğulanıb ki, dəyişiklik əvvəlki qanun layihəsində olduğu kimi notariusların kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatların elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə etmək hüququnu təsbit edir.
Əlavə olaraq, qanun layihəsində notariusun tərcüməçi tərəfindən elektron imza ilə təsdiq edilmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə bilməsi müəyyən olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri bildirib ki, 19-cu məsələyə - Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, "Notariat haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) də Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb.
Məsələ ilə bağlı məlumat verən komitə üzvü Nurlan Həsənov bildirib ki, etibarnaməni təsdiqləmək hüququ notariuslarla yanaşı, bir sıra vəzifəli şəxslərə də həvalə edilmişdir. Təklif olunan dəyişikliyə əsasən, sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən həmin sosial xidmət müəssisəsinə yerləşdirilən şəxslərə verilə biləcək etibarnamələrin dairəsi məhdudlaşdırılır.
Mülki Məcəlləyə təklif olunan dəyişikliyə əsasən isə, sosial xidmət müəssisələrinin təminatında olan və heç bir vərəsəsi olmayan şəxslərin əmlakının sosial xidmət müəssisələrinin mülkiyyətinə keçməsi məsələsi tənzimlənir.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərlik etdikləri komitələrin sənədlə bağlı müsbət rəyləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsində, "Polis haqqında", "Baytarlıq haqqında" və "Atçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırılma məqsədi ilə hazırlanıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ ilə bağlı komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.("AZERTAC")