22.11.2024, 08:42
AZ EN
07.04.2023, 19:45 217

İran niyə İslam dəyərlərini məhv edən Ermənistanın yanındadır? – Deputatdan sərt reaksiya

XƏBƏRLƏR
  • Tehran dövləti Azərbaycana qarşı düşmənçiliyini müxtəlif formalarda nümayiş etdirir. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə əlaqədar ölkəmizi qınamağa başlayan İran parlamentinin aprelin 2-dəki çağırışı da onun uğurlarımızı həzm edə bilməməsindən irəli gəlir. İran birdəfəlik bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq məsələlərlə bağlı heç kimlə məsləhətləşmir. İranın düşüncəsi ilə elə çıxır ki, Azərbaycan xarici siyasətini onlardan icazə alıb yürütməlidir. Bu, tamamilə absurd yanaşmadır və ölkəmizin daxili işlərinə kobud müdaxilədir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat deyib ki, İran parlamenti yaydığı bəyanatla özünün İslam dəyərlərindən çox uzaq olduğunu nümayiş etdirdi. Bundan əlavə, molla rejimi din pərdəsi altında çirkin niyyətlərini reallaşdırmağa çalışır. Son illərdə İranın tutduğu mövqe də bu dövlətin İslam dəyərlərindən uzaq olduğunu təsdiqləyir. Belə olmasaydı, İran İslam dini dəyərlərini çox yüksək səviyyədə yaşadan və eyni dini baxışlara malik Azərbaycana qarşı düşmən siyasət yürütməzdi.

“Məsələn, İran Ermənistan torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə ərazilərimizdəki yaşayış məntəqələrini, milli-mədəniyyət abidələrimizi və məzarlıqları dağıdıb məhv etməsinə görə heç olmasa bir dəfə etirazını bildirə bilərdi. Qarabağdakı 67 məsciddən 65-i yerlə-yeksan ediləndə, orada donuz, mal-qara saxlananda Ermənistanı ən azı tənqid etmək olardı. Eyni zamanda, İran Qərbi Azərbaycanda məscidlərimiz dağıdılanda niyə səsini çıxarmadı? Axı məscidlər müsəlmanların inanc yerləridir. Əgər İran özünü İslam Respublikası adlandırırsa, niyə İslam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstəyini ifadə edir? Azərbaycan İslam dəyərlərini yüksək dəyərləndirərək yaşadan ölkə olduğu halda, sərhədlərimizdə hərbi təlimlər keçirir, pilotsuz aparatlardan və döyüş təyyarələrindən istifadə edir, Tehrandakı səfirliyimizə terror hücumu törədir. Həmçinin ölkəmizdə siyasi sabitliyi pozmaq üçün radikal qruplar hazırlamaqla İslam dininə düşmənçilik edən Ermənistanı dəstəkləyir", - deyə o əlavə edib.

A.Badamov vurğulayıb ki, torpaqlarımızdakı İslam dini dəyərlərini məhv etdiyinə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətləri dayandırdığı halda, İslam Respublikası olan İran niyə bu təşəbbüsə qoşulmadı? Bütün bunlar onu göstərir ki, İranın məqsədi İslam dəyərlərini qorumaq deyil, sadəcə, Azərbaycanın uğurlu inkişafını və dünya səviyyəsində artan nüfuzunu qəbul edə bilməməsidir. İran parlamenti İƏT, İslam Məclisləri katibliyi və İslam dünyasına İsraildə səfirliyimizin açılmasına görə ölkəmizi qınamağa çağırış edir. Təbii ki, bu çağırış gülüş doğurur. Çünki İslam ölkələrin İsraildə səfirlikləri fəaliyyət göstərir və Azərbaycan heç də İsraildə səfirliyi açan birinci müsəlman ölkəsi deyil. Yaxşı olardı ki, İranın özü anti-İslam hərəkətlərindən çəkinsin və Azərbaycana göstəriş verməsin. Ölkəmiz müstəqildir və dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. Azərbaycan dövlət maraqlarını hər şeydən üstün tutur və müstəqil beynəlxalq siyasət yürüdür. İran parlamenti yaxşı olardı ki, özünün anti-İslam və anti-qonşuluq əməllərindən əl çəksin. İslam dinin düşməni olan Ermənistanla qucaqlaşıb öpüşməsin. Əvəzinə Ermənistanın İslam dini inanclarına və məbədlərinə qarşı törətdiyi terrorlara görə İslam dünyasına çağırış etsin.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR